Ali Məhkəmənin növbəti plenumu keçirilib

  09 Fevral 2018    Oxunub : 518
Ali Məhkəmənin növbəti plenumu keçirilib
Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
AzVision.az xəbər verir ki, Ali Məhkəmənin sədri Plenum iclasını açaraq 2017-ci il Azərbaycan Respublikasının bütün məhkəmə sistemi, o cümlədən Ali Məhkəmənin fəaliyyətində mühüm il olduğunu bildirib.

R.Rzayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Prezidentin humanizmin təntənəsinə xidmət edən bu Sərəncamı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının yeni mərhələdə uğurlu davamı kimi cəmiyyətdə yüksək qiymətləndirilir.

Sərəncamın preambula hissəsində qeyd olunduğu kimi, “...Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin, habelə bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir”.

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən, Mülki, Cinayət, Mülki-Prosessual, Cinayət-Prosessual və sair məcəllələrinə edilən dəyişikliklər dövlətimizin başçısının adıçəkilən Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi mərhələlərindən biridir.

Ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı digər sərəncamlarının da icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində də görülən işlər davam etdirilib.

Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə informasiya sistemi”nin yaradılması haqqında 2014-cü il 13 fevral tarixli Sərəncamının icrası və elektron məhkəməyə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni elektron sənəd dövriyyəsi, kassasiya müraciətlərinin və işlərin elektron qaydada bölüşdürülməsi sistemi yenilənib. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmə ilə tərəflərin əlaqələrinin asanlaşdırılmasını, sənədlərin işlənməsinin sürətləndirilməsini və işlərə prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətlərdə baxılmasını təmin edir. Ali Məhkəməyə daxil olan kassasiya şikayətlərinin, ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı aparılır, məhkəmə prosesləri audio, video və digər yazan texniki vasitələrdən istifadə edilməklə qeydə alınır, məhkəmə protokolları və qərarlar Ali Məhkəmənin Elektron Arxivinə inteqrasiya edilir. Həmçinin “Elektron hökumət” portalı vasitəsi ilə məhkəmə fəaliyyəti ilə bağlı bütün dövlət rüsumları elektron qaydada ödənilir.

Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2017-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Həmin məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılıb, müvafiq qərarlar qəbul edilib.

AzVision.az

Teqlər: Ali-Məhkəmə