Prezident Antikorrupsiya idarəsinin yeni binasında – FOTOLAR

Prezident Antikorrupsiya idarəsinin yeni binasında – FOTOLAR
  30 Sentyabr 2013    Oxunub:1673
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasının açılış mərasimində iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycan Respublikasında həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, o cümlədən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət başçısının imzaladığı 27 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və müasir informasiya texnologiyaların tətbiqi ilə bağlı zəruri işlər davam etdirilir.

Paytaxtın Yasamal və Sabunçu rayonları, İsmayıllı, Göygöl, Qusar, Biləsuvar, Gədəbəy, Zərdab və Samux rayon, həmçinin Zaqatala hərbi prokurorluqlarının yüksək standartlara cavab verən və müasir informasiya kommunikasiya avadanlıqları ilə təchiz olunmuş inzibati binaları inşa edilərək istifadəyə verilməsi, həmçinin çoxsaylı rayon prokurorluqlarının inzibati binalarının əsaslı təmir olunması ölkədə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin məntiqi nəticəsidir.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası Dövlət Proqramının icrası qaydasında, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində inşa edilib. Foyesində milli lider Heydər Əliyevin büstü qoyulub, ulu öndərin və Prezident İlham Əliyevin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş normativ hüquqi-aktlar, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq Konvensiyalar, prokurorluğun inkişafına göstərdiyi qayğını əks etdirən fotoguşələr yaradılıb.

Yeni binanın layihə işləri “S Modus” MMC, inşaat işləri isə “Continental Construction and İndustrial Co” ASC tərəfindən həyata keçirilmişdir. 5 və 7 mərtəbəli iki korpusdan, habelə 3 mərtəbəli yardımçı buna və yeraltı qarajdan ibarət binanın inşasına 2010-cu ilin avqust ayında başlanılıb.

Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı binanın ictimai zonasının girişində vətəndaşların qəbul otağı inşa edilib. Qəbul otağında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar normativ-hüquqi sənədlərdən çıxarışlar, prokurorluq orqanlarında vətəndaşların qəbuluna dair əmr, habelə prokurorluğun rəhbər heyətinin qəbul günü və saatları olan lövhvələr quraşdırılıb. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binaya əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılıb.

Prezident İlham Əliyev “161-Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış olub. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirəsalınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədilə yaradılmış, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilərək, daxil olan zəngləri görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı vasitəsilə həyata kecirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.

Binanın 6-cı mərtəbəsindəki konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda idarə əməkdaşlarına Baş Prokurorluğun iclaslarına, müşavirələrinə birbaşa qoşulmaq və videokonfransların keçirilməsi imkanı vardır. Eyni zamanda yaradılmış şərait müxtəlif treninq, seminar və beynəlxalq tədbirlərin keçirilməsi üçün də məqbuldur.

Həmin mərtəbədə yerləşən və müasir hüquq ədəbiyyatı, müxtəlif metodiki tövsiyələr, normativ-hüquqi aktlarla zənginləşdirilmiş kitabxanın digər dövlət ququrmlarının elektron kitabxanalarına çıxışı təmin edilib.

Dövlət başçısı daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təhciz olunmuş otaqlarla tanış olub.

Kriminalistika otağında müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaq metodikasına dair məlumatları əks etdirən lövhələr, əyani vəsaitlər quraşdırılıb.

Binanın 1-ci mərtəbəsindəki dindirmə otaqlarında zərərçəkmiş, şahid və cinayət prosesinin digər iştirakşılarının iştirakı ilə istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən şərait yaradılmış, otaqlar zəruri avadanlıqlarla, o cümlədən videoçəkiliş və digər texniki vasitələrlə təhciz edilmişdir. Eyni zamanda tanınma istintaq hərəkətinin tanıyan şəxsin təhlüksizliyinin təmin edilməsi məqsədilə onun tanınmalı şəxs tərəfindən viziual müşahidəsini istisna edən şəraitdə aparılması imkanı yaradılıb. Mühafizə otağı, arxiv, dəftərxana xidməti də müasir tələblər səviyyəsində qurulub.

Prezident İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin kollektivinə uğurlar arzulayıb.

Qalereya




Teqlər:  





Xəbər lenti