Məmmədyarov Rusiya və İranla əlaqələrdən danışdı

Məmmədyarov Rusiya və İranla əlaqələrdən danışdı
  09 Fevral 2018    Oxunub:1353
“Azərbaycan sivilizasiyaların, Şərq və Qərbin, Asiya və Avropanın kəsişməsində körpü rolunu oynayır. Geosiyasi baxımdan tektonik hesab olunan bu regionda Azərbaycan sıx regional əməkdaşlıq və dostluq mühitinin möhkəmləndirilməsini, sülh, sabitlik və təhlükəsizlik həlqəsinin genişləndirilməsini təşviq edir”.
AzVision.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib. Nazir bildirib ki, Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir. Bu mənada qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir:

“Biz Türkiyə, Rusiya və İran ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulmuş dostluq və strateji əməkdaşlıq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunuq. Azərbaycan hal-hazırda bu münasibətlərin üçtərəfli regional əməkdaşlıq formasında inkişafı ilə əlaqədar təşəbbüslərlə çıxış edir. Azərbaycan-İran-Türkiyə və Azərbaycan İran-Rusiya formatında olan regional əməkdaşlıq formatları bunun bariz nümunəsidir. Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir.

Bu layihə 3 ölkənin dəmir-yol sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimal Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır. Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir-yolları yalnız infrastruktur olmayaraq, xalqların rifahina, insanlararası təmasların artmasına və mədəniyyətlər, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir”.

“Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”-deyən nazir bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam Həmrəyliyi ili elan edilib:

“Azərbaycan hökuməti, dövlət siyasətinin tərkib hissəsi kimi cəmiyyətimizdə multikultural ənənələri daha da inkişaf etdirir. Ölkəmizdə müsəlmanlar, ortodoks və katolik xristianlar, yəhudilər və digər dini konfesiyaların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayaraq bir-birilərinin dini bayramlarında yaxından iştirak edirlər. Şiə və sünni müsəlmanlar birlikdə vəhdət namazı qılırlar. Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvlüyünə malik nadir ölkələrdən biri olaraq, bu iki qurumu və bu əsasda onlara üzv olan dövlətləri bir araya gətirərək “Bakı Prosesi” adlanan təşəbbüsün müəllifidir. Bu il Bakı Prosesinin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verərək Bakı Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.

2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Roma Papası Fransis Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirmişdi. Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi “yumşaq güc” (soft power) elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fəaliyyətini bundan sonra da davam etdirəcəkdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Avropa    





Xəbər lenti