Paralimpiya Komitəsi İlham Əliyevin namizədliyini dəstəkləyir

Paralimpiya Komitəsi İlham Əliyevin namizədliyini dəstəkləyir
  09 Fevral 2018    Oxunub:1633
Azərbaycan Milli Paralimpiya Komitəsi növbəti Prezident seçkisi ilə əlaqədar ölkə ictimaiyyətinə müraciət edib.
Komitədən AzVision.az-a daxil olan müraciətdə deyilir ki, Azərbaycanda Paralimpiya Hərəkatının yaranması ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Böyük fəxarətlə demək olar ki, ulu öndərin ümumilikdə idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti, paralimpiyaçıların dostu İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Məhz bunun nəticəsidir ki, Azərbaycanın adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir.
Ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpa olunmasında, fiziki inkişafında, cəmiyyətə inteqrasiyasında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında Milli Paralimpiya Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dünyada ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin ölkəmizdə yaradılması ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına güclü təkan verəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsi öz fəaliyyətini genişləndirir, idman növlərinin və idmançıların sayı ildən-ilə artır, bölgələrdə Paralimpiya hərəkatı sürətlə inkişaf edir. Bunun nəticəsidir ki, Milli Paralimpiya Komitəsi fəaliyyəti dövründə 7 Yay Paralimpiya Oyunlarında iştirak edib. Oyunlarda iştirak edən idmançılar yüksək nəticələr göstərərək 38 medal qazanıblar ki, onlardan 9-u qızıl, 18-i gümüş və 11-i bürünc medallardır. İdmançılar arasında 7 Paralimpiya çempionu var ki, onlardan iki nəfəri ikiqat Paralimpiya çempionudur. Bundan əlavə, idmançılardan 7 nəfəri dünya, 14 nəfəri Avropa çempionu, 7 nəfər Dünya Oyunlarının, 12 nəfər İslam Həmrəyliyi Oyunlarının və 1 nəfər Avropa Oyunlarının qalibləridir.

Paralimpiyaçılarımızın beynəlxalq arenalarda, mötəbər yarışlarda göstərdikləri şücaətə, nail olduqları uğurlara nəzər salsaq görərik ki, uğurların əldə olunması üçün böyük zaman və zəhmət sərf edilib. Lakin sağlamlıq məhdudiyyətlərinə qalib gələrək, idman yolunda olan çətinliklərə sinə gərərək onlar böyük ruh yüksəkliyi ilə bayrağımızı daim ucalarda saxlamağa nail olublar. Qeyd edilən nailiyyətlər yalnız və yalnız ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır və onun bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının təzahürüdür".

Müraciətdə qeyd edilir ki, məlum olduğu kimi, 2018-ci il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının VI qurultayı prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Paralimpiyaçılar da prezident seçkilərində öz ənənəsinə sadiq qalaraq İlham Əliyevin namizədliyini dəstəkləyir və ölkə ictimaiyyətini də seçkilərdə fəallıq göstərərək ona səs verməyə çağırır. Müraciət Milli Paralimpiya Komitəsinin iclasında qəbul edilib.

AzVision.az


Teqlər: Milli-Paralimpiya-Komitəsi   İlham-Əliyev  





Xəbər lenti