Orfoqrafiya Komissiyası işçi qrupu yaradıb

  15 Fevral 2018    Oxunub : 775
Orfoqrafiya Komissiyası işçi qrupu yaradıb
"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət İşçi Qrupu yaradılıb.
AMEA-nın Orfoqrafiya Komissiyasından AzVision.az-a verilən məlumata görə, İşçi Qrupu "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları"na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi Qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

"AMEA-nın Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi "Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi artıq iki aydan çoxdur ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə olunur. Müzakirələrdə müxtəlif sahələrdə çalışan sadə Azərbaycan vətəndaşları, media nümayəndələri, sosial şəbəkələrin təmsilçiləri, yazıçılar, tanınmış dilçi alimlər iştirak edirlər. AMEA Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxsaylı yazılı və şifahi müraciətlər daxil olub.

AMEA Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri - akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq".

Məlumatda bildirilib ki, Orfoqrafiya Qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

Aytən Zəhra
AzVision.az

Teqlər: Orfoqrafiya   AMEA