31 korrupsioner cinayət başında yaxalanıb

  01 Oktyabr 2013    Oxunub : 562
31 korrupsioner cinayət başında yaxalanıb
Baş prokuroru ölkədə korrupsiya cinayətləri ilə bağlı vəziyyəti qiymətləndirib
Bu ilin doqquz ayı ərzində Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, 250 şəxs barəsində 137 cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Hesabat dövrü ərzində korrupsiya cinayətləri törətmiş 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanaraq istintaq edilib. Bunu "Azərbaycan" qəzetində yazısı zamanı baş prokuror Zakir Qaralov deyib.

Baş prokurorun sözlərinə görə, məhkəməyə göndərilmiş bütün işlər mahiyyəti üzrə baxılaraq ittiham hökmləri çıxarılıb: "İstintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulması, istintaqı aparılıb və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib".

Z.Qaralov bildirib ki, idarəyə respublikanın hüquq mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı daxil olmuş 46 materialdan 34-ü üzrə cinayət işi başlanaraq istintaq aparılır: "Bu, əvvəlki illərdə olduğundan xeyli çoxdur. Belə ki, hüqüq mühafizə orqanlarından 2010-cu ildə daxil olmuş 14 materialdan 13-ü üzrə, 2011-ci ildə daxil olmuş 22 materialdan 19-u üzrə, 2012-ci ildə daxil olmuş 29 materialdan 27-si üzrə cinayət işi başlanıb istintaq edilib".

Baş prokurorun sözlərinə görə, məhkəməyə göndərilmiş cinayət işləri əsasən rüşvət vermə (aktiv rüşvətxorluq), rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olub.

Z.Qaralov deyib ki, idarə tərəfindən 2005-ci ildə 35 şəxs barəsində 12 cinayət işinin, 2006-cı ildə 79 şəxs barəsində 39 cinayət işinin, 2007-ci ildə 69 şəxs barəsində 41 cinayət işinin, 2008-ci ildə 121 şəxs barəsində 70 cinayət işinin, 2009-cu ildə 176 şəxs barəsində 103 cinayət işinin, 2010-cu ildə 188 şəxs barəsində 104 cinayət işinin, 2011-ci ildə 229 şəxs barəsində 142 cinayət işinin, 2012-ci ildə isə 298 şəxs barəsində 170 cinayət işinin (cəmi 8 ildə 1195 şəxs barəsində 681 cinayət işinin) istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə idarəsinin tərkibində 2011-ci ildən başlayaraq əməliyyat qurumlarının fəaliyyət göstərməsi korrupsiya ilə əlaqədar olan latent cinayətkarlığın aşkar edilməsində mühüm rol oynayaraq, əsasən gizli xarakter daşıyan rüşvətxorluq cinayətlərinin müəyyən edilməsi işinin xeyli dərəcədə gücləndirilməsinə şərait yaradıb.

Z.Qaralov həmçinin qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı tədbirlərin nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğunu bir daha təsdiq etmiş, sənədə əsasən ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb. Hesabatın nəticələrinə görə rəyi soruşulmuş respondentlərin 68 faizi korrupsiyaya qarşı Azərbaycan dövlətinin həyata keçirdiyi mübarizə tədbirlərini səmərəli hesab edib. Azərbaycan üzrə bu göstərici dünya ölkələri üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən 3 dəfə çoxdur. Dünya üzrə respodentlərin 50 faizindən çoxu korrupsiyanın səviyyəsinin son iki ildə artması qənaətinə gəldiyi halda, Azərbaycanda respondentlərin 73 faizi ölkədə korrupsiyanın səviyyəsinin artmadığını qeyd edib.

AzVision.az

Teqlər: