Pensiyalar bu günə kimi 10 dəfə artıb

Pensiyalar bu günə kimi 10 dəfə artıb
  01 Oktyabr 2013    Oxunub:1187
“Bu gün ahılların əsas hissəsi, yəni 95 faizdən çoxu Dövlət Sosial Müdafiə Fondundan pensiya alırlar”.
AzVision.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 1 oktyabr Beynəlxalq Ahılllar Gününə həsr olunan dəyirmi masada deyib.

O bildirib ki, pensiyaçıların aldıqları vəsait onların gündəlik tələbatını ödəmək həddinə çatması dövlətin əsas məqsədidir:

“Pensiya sistemində atdığımız addımlar onu göstərir ki, bu sahədə müəyyən qədər uğur əldə etmişik. Ola bilsin ki, indi mənim deyəcəyim rəqəmlər insanları qane etməsin. Bu gün hər ay pensiyaçılara 221 milyon manat vasait ödənilir. Halbuki, 10 il əvvəl biz pensiyaçılara bu məbləği 1 ilə ödəyirdik. Hazırda 1 273 500 nəfər pensiyaçı qeydiyyatdadır. Bunlardan təqribən 792 min nəfəri yaşa görə pensiya alır, onların 40 faizi ahıl yaşdadır. Onlara verdiyimiz pensiyanın orta məbləği 190 manatdır. Müqayisə üçün demək istəyirəm ki, 10 il öncə bu rəqəm 18,50 manat idi. Bu müddət ərzində 10 dəfə pensiya təminatında irəliyə doğru addımlar atılıb”.

S.Müslümov qeyd edib ki, bu gün əmək haqqının orta aylıq məbləği 410 manata çatıb: “Biz əmək haqqının sosial sığortasının 45 faizi həcmində orta aylıq pensiya məbləği təmin etmişik. Əmək haqqlarının sürətlə artımı bizə imkan verir ki, pensiyaları da qaldıraq. Yəni dövlət büdcəsindən alınan vəsait hesabına deyil, dövriyyədən toplanmış vəsait hesabına pensiyalar artır. Bu ölkədə inflyasiya prosesinin baş verməməsinə imkan verir. Əmək haqlarının sosial sığorta haqqı qalxdıqca, pensiyalar da qalxır.

Neft Fondundan gələn pulla pensiyanı artırsaq, bu inflyasiyaya gətirib çıxarır və əlavə ödənilən vəsaitin dəyəri olmur. Ona görə də, bu gün qeydiyyata düşən işləyənlərimiz onların ödədiyi sosial sığorta haqları, onların əmək haqlarının leqallaşdırılması, əsas problemlərdən biridir. Mən keçən il bu məsələ ilə bağlı prezident İlham Əliyevə məruzə etdim. O bununla bağlı ciddi tapşırıqlar verdi. Bundan sonra keçən ilin sentyabrından bu ilin avqustuna qədər sosial sığorta haqqı ödəyən insanların sayı təqribən 600 min nəfər artdı. Bu gün bizim sistemdə 2 milyon 620 min nəfər vəsait ödəyən var ki, onların da ödədiyi vəsaitlə 1 milon 272 min 500 nəfər pensiyaçının pensiyası maliyyələşdirilir”.

Qeyd edək ki, bu gün Bakı Biznes Mərkəzində 1 oktyabr Beynəlxalq Ahılllar Gününə həsr olunan dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxış edib.

Dəyirmi masada BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəliyinin rəhbəri Fərid Babayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Veteranlar Şurasının Rəyasət Heyətətini üzvi İsmayıl İbrahimov, millət vəkili Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov iştirak edib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti