Məktəblərdə ilk dərslər Xocalıya həsr ediləcək
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən tədris olunacaq dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban verən vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək, Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlər barədə məlumat verəcəklər. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası və soyqırımı törədənlərdən bəhs ediləcək.
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar təhsil müəssisələrinin kollektivi faciənin şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.
AzVision.az