Baş prokuror Milli Şuradan danışdı

Baş prokuror Milli Şuradan danışdı
  01 Oktyabr 2013    Oxunub:990
Baş Prokurorluqda Milli Şura ilə bağlı araşdırma davam edir
Bu ilin 23-24 yanvarında İsmayıllı şəhərində xuliqanlıq və sair cinayətlər törətməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işinin materiallarından iki şəxs barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı tamamlanaraq, avqustun 26-da aidiyyəti üzrə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə jurnalistlərə baş prokuror Zakir Qaralov məlumat verib.

O bildirib ki, digər təqsirləndirilən şəxslər barəsində olan cinayət işi üzrə də istintaq artıq tamamlanıb və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yaxın vaxtlarda aidiyyəti məhkəməyə göndərilməsi nəzərdə tutulur.

O, digər sualı cavablandırarkən bildirib ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək insan orqanlarının qanunsuz köçürülməsi faktları ilə bağlı başlanmış cinayət işinin materiallarından mərkəzin direktoru (Dilarə İsmayılova) barəsində cinayət işi ayrıca icraata ayrılmaqla istintaqı tamamlanaraq baxılması üçün Məhkəməyə göndərilib.

Elşad Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

Baş prokuror “EL” hərəkatının Ali Məclisinin keçmiş sədr müavini Əflan İbrahimovun müraciətilə bağlı sualı da cavablandırıb. Xatırladıb ki, İbrahimov Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən, Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsilə bağlı konkret tapşırıqların verildiyini bildirmişdi.

“Məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırmalar davam etdirilir. Bildirmək istəyirəm ki, baş verə biləcək istənilən qanunazidd hərəkətlərin qarşısı qanun çərçivəsində tam qətiyyətlə alınacaq”,- Zakir Qaralov vurğulayıb.


Teqlər:





Xəbər lenti