Beynəlxalq Ahıllar günü qeyd olunub

Beynəlxalq Ahıllar günü qeyd olunub
  01 Oktyabr 2013    Oxunub:4702
1 Oktyabr- Beynəlxalq Ahıllar günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturları ahıl vətəndaşlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edib, müxtəlif xeyriyyə və mədəni-kütləvi tədbirlər həyata keçiriblər. Tədbirlərə respublika üzrə ümumilikdə 10 minlərlə ahıl və əlil vətəndaş cəlb olunub.

Tədbirlərdə bildirilib ki, BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi «Ahılların müdafiəsi ilə bağlı Qətnamə»yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar günü kimi təsis olunmuşdur. 1993-cü ildən Azərbaycanda da Beynəlxalq Ahıllar günü geniş şəkildə qeyd edilir.

Qeyd edilib ki, Azərbaycanda ahıllarla bağlı milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və son 10 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin layiqli səviyyədə davam və inkişaf etdirdiyi bu humanist siyasətin əsasında ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onlara dövlət qayğısının artırılması, maddi və mənəvi tələbatlarının ödənilməsi dayanır.
Azərbaycan Respublikasının «Ahıllara sosial xidmət haqqında» Qanununa əsasən, 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunur. Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır. Hazırda ölkə üzrə 14 min nəfərdən çox tənha ahıl vətəndaşa və əlilə evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 12 min nəfərə yaxını 70 yaşdan yuxarı olanlardır. Eyni zamanda, bu vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 700 nəfərdən çox Böyük Vətən müharibəsi əlili və iştirakçısı minik avtomobili, həmin təbəqədən olan 50 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib. Həmçinin dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan Respublikası Prezidentinin təqaüdü, dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort putyovkaları ilə təmin edilirlər.
Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 1413 nömrəli Sərəncamı ilə «Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı» təsdiq edilib. Bu Proqramda, eləcə də Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiqlənmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nda və digər dövlət proqramlarda ahılların sosial müdafiəsi ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Müharibə və Əmək Əlilləri üçün pansionatda tam dövlət təminatında 150 nəfərdən çox ahıl vətəndaş yaşayır. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla yanaşı, Pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunmuş, müəssisənin 7 hektardan ibarət ərazisi abadlaşdırılmışdır. Yeni korpusda 170 nəfərə, hazırki korpusda isə əsaslı təmirdən sonra 130 nəfərə, beləliklə, pansionatda 300 nəfərə xidmət göstəriləcək.
Yeni korpusda qabaqcıl beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, asudə vaxtlarının mənalı təşkili üçün müvafiq şərait, kitabxana və idman zalları, onların özünüməşğulluğu üçün emalatxanalar yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti