Vaşinqtonda Xocalı qurbanlarına həsr olunan konsert keçirilib

Vaşinqtonda Xocalı qurbanlarına həsr olunan konsert keçirilib
  27 Fevral 2018    Oxunub:2667
Vaşinqtonda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Sülh laylası” adlı anım konserti keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası tərəfindən təşkil edilən tədbir ölkəmizin tolerantlıq ənənələrinə sadiqliyinin göstəricisi kimi Vaşinqtonun tanınmış və tarixi ibadət məkanlarından biri olan “Western Presbyterian” kilsəsində baş tutub. Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız tədbirdə iştirak ediblər.

Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının (AAFSW) proqram rəhbəri Şila Svitzer “Sülh laylası” layihəsi barədə məlumat verib və onun dərin emosional təsirlərindən söz açib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylası” konserti Azərbaycan şairi Yusif Savalanın müəllifi olduğu “Xocalı uşaqlarına layla” adlı şeir əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Culian Beird, klarnetçi Şeril Hill və hekayətçi İrvinq Benavides tərəfindən hazırlanan musiqili əsərin təqdimatına həsr edilib.

Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzünün acı xatirələrindən biri kimi Xocalı qətliamı barədə məlumat verib və münaqişənin yalnız iki dövlət arasında deyil, həmçinin əhali səviyyəsində dərin izlər buraxdığını qeyd edib. Səfir bu xüsusda tədbirin xüsusi qonağı kimi Xocalı hadisələrinin canlı şahidi, Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalanı təqdim edib və onun İkinci Dünya müharibəsində 33 yaşında nasistlərin ölüm düşərgəsində sağ qalan atası Savalanın 50 il sonra 83 yaşında məhz Xocalıda qətlə yetirilməsi faktını misal gətirərək bu faciənin dünya ictimaiyyəti üçün nə qədər simvolik məna kəsb etdiyinə diqqət yönəldib.

Səfir əlavə edib ki, ərazilərimizin işğalı faktı və onun əhalisinə qarşı törədilən Xocalı soyqırımının Azərbaycanın müstəqilliyinin bərpasının dərhal ardınca baş verməsi bu əməllərin xüsusi məqsədlə törədildiyini və məhz xalqımızın müstəqillik ruhunu boğmağa hədəfləndiyini göstərir. E.Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc-yanaşı yaşadığını önə çəkərək Azərbaycan tərəfinin erməni xalqına deyil, məhz onun işğalçı və təcavüzkar siyasət yürüdən siyasi rəhbərliyinə qarşı olduğunu vurğulayıb və gələcəkdə ölkəmizin Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib.
Daha sonra konsert proqramı çərçivəsində tanınmış bəstəkarların əsərləri, o cümlədən “Gecə himni” (Herni Pörsel), “Sakit ibadət” (Haskell Smol), “Für Alina” (Arvo Pərt), “Müqəddəs gecənin himni” (Corc Kramb), “Aprel ayı” (Fərnsis Polənk) kimi əsərlər səsləndirilib.

“Sülh laylası” şeirinin müəllifi Yusif Savalan Xocalı hadisələri barədə öz xatirələrini bölüşüb və yazdığı şeiri ana dilində səsləndirib. Yusif Savalan Azərbaycan xalqının qisas deyil, ədalət tələb etdiyini vurğulayıb.
Tədbir çərçivəsində, həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi guşəsi də təşkil edilib və iştirakçılara azərbaycanlı uşaqların çəkdikləri rəsm əsərləri nümayiş olunub. Tədbirin keçirilməsində, həmçinin Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının ölkəmiz üzrə tərəfdaşları Azərbaycan Dillər Universiteti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi iştirak edib.









Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Xocalı  





Xəbər lenti