Sarkisyan Ermənistan-Türkiyə protokollarını ləğv etdi

Sarkisyan Ermənistan-Türkiyə protokollarını ləğv etdi
  01 Mart 2018    Oxunub:2792
Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının toplantısında erməni-türk protokollarının ləğv edildiyini açıqlayıb.

AzVision.az xəbər verir ki, bunu Sarkisyanın mətbuat katibi Vladimir Hakobyan deyib.
O, qeyd edib ki, Sarkisyan Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün imzalanan protokolların ləğv olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri arasında İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”u imzalanıb. Birinci protokol diplomatik münasibətlərin qurulmasını nəzərdə tuturdu. “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na gəlincə, bu sənəd qüvvəyə minəndən sonra iki ay ərzində Türkiyə ilə Ermənistan arasındakı dövlət sərhədi açılmalı idi.

Türkiyə parlamenti protokolu ratifikasiya etmədi. Şərt qoyuldu ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Ermənistan prezidenti 2010-cu ilin aprelin 22-də protokolların ratifikasiyası prosesinin dayandırlması barədə fərman imzalamışdı. Nəticədə sənədlərin ratifikasiyası dondurulmuşdu.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Türkiyə   Protokol  





Xəbər lenti