Ermənistan müdafiə nazirinin müavinindən oğurluq etirafı

Ermənistan müdafiə nazirinin müavinindən oğurluq etirafı
  05 Mart 2018    Oxunub:2037
Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan qurumda oğurluq hallarının olduğunu etiraf edib.

AzVision.az-ın “news.am”-a istinadən verdiyi xəbərə görə, nazir müavini jurnalistlərə bildirib ki, Müdafiə Nazirliyi sistemdə qanun pozuntularının aşkarlanması və cinayətkarların cəzalandırılmasında maraqlıdır.
“Təəssüflər olsun ki, bu cür hallar hələ də var. Belə halların tamamilə aradan qaldırıldığını iddia etmək olmaz. Lakin biz bu istiqamətdə intensiv işlər aparırıq. Vaxtaşırı KİV-də orduda hər hansı bir qanun pozuntusu, vəzifədən sui-istifadə edən şəxslərlə bağlı məlumatlara rast gəlmək olar”, - deyə Zakaryan vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda erməni KİV-ində Ermənistanın Müdafiə Nazirliyinin dərman bazasından 40 milyon dram məbləğində oğurluq edilməsinə dair məlumat yayılmışdı. Hərbi polis tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 2015-17-ci illərdə “N” saylı hərbi hissənin dərmanların mərkəzi bazasından 40 milyon dram məbləğində dərman və tibbi avadanlıq oğurlanıb. Faktla bağlı cinayət işi açılıb. “N” saylı hərbi hissənin komandir müavini, mayor L.A tutulub. Cinayətdə əli olan bütün şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi   Oğurluq  





Xəbər lenti