Kürd-azərbaycanlı düşmənçiliyinə çağıran oyunlar yayılır

Kürd-azərbaycanlı düşmənçiliyinə çağıran oyunlar yayılır
  02 Oktyabr 2013    Oxunub:1139
Ekspertlər bu internet oyunlarına gizli sektaların nəzarət etdiyini deyir .
İnternetdəki uşaq oyunları azyaşlılar üçün ciddi təhlükə mənbəyinə çevrilib. Oyunlardan istifadə üçün qeydiyyatdan keçən uşaqlara mesajlar gəlir.

Məsələn, “Moviestarplanet” adlı oyunda “Ben kürdüm, azerilere nifret ederim” başlıqlı mesajlar var. Uşaqlar bu ismarışları qəbul edərək onları göndərənləri dostlar siyahısına salandan sonra oyuna davam etmək üçün əlavə xal qazanırlar.

Araşdırmalar göstərir ki, 6-15 yaşlı uşaqların oynadığı “Moviestarplanet” oyunu xüsusilə təhlükəlidir. Belə ki, öz gəlinciyini bəzəməyə çalışan oyunçulardan daha çox dost qəbul etmək tələb olunur. Dostluq mesajların əksəriyyəti isə seks haqqında düşüncələr, azadlığa və valideynlərə itaətsizliyə dəvət edilməsi ilə bağlı olur.

Psixoloq Nadir Məmmədov bəzi internet oyunlarının ailələrdə, uşaq və yeniyetmələrin həyatında ciddi problemlərə, hətta faciələrə yol açdığını söyləyir. Mütəxəssis virtualaz.org saytına açıqlamasında deyir ki, son illər müəyyən gizli sektalar öz çirkin niyyətlərini bu oyunlar vasitəsilə həyata keçirirlər: “Bu gün internetdəki müxtəlif şəbəkə və oyunlarda intiharlar təbliğ olunur. Ölüm haqqında insan beynini zəhərləyən fikirlər yayılır”.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da artıq həyəcan təbilinin çalınmasının vacib olduğunu vurğulayır: “Qızlara aid oyunlarda uşaqlara görüş təklifləri edilir, yanlış cinsi istəklə bağlı məlumatlar yerləşdirilir. Bundan əlavə, evdən qaçan uşaqların daha sərbəst həyat sürəcəkləri ilə bağlı cəlbedici təkliflər verilir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, yeniyetmələrin evdən qaçmaları ilə bağlı tədqiqatlar onların internetdə tanış olduğu şəxslə görüşmək istədikləri üçün qaçdığını təsdiqləyir: “Əsas problemlərdən biri də intiharlarla bağlıdır. Keçirilən sorğuların nəticələrinə görə, intihar edən uşaqların 60 faizindən çoxu vaxtını əsasən internetdə keçirib”.

M.Əzizovanın fikrincə, valideynlər diqqətli olmalı, uşaqda baş verən dəyişiklikləri izləməli, oynadıqları oyunların zərərli olub-olmadığını araşdırmalıdır.


Teqlər:





Xəbər lenti