Azərbaycan iqlim dəyişikliyi ilə qətiyyətlə mübarizə aparır

Azərbaycan iqlim dəyişikliyi ilə qətiyyətlə mübarizə aparır
  06 Mart 2018    Oxunub:3397
Azərbaycanda ekoloji tarazlığın pozulmasına səbəb olan karbon dioksid (CO2) istixana qazı emissiyalarının əsas mənbəyi enerji istehsalı və istehlakı sektorları ilə bağlıdır. CO2 emissiyaları yanacağın yandırılması, o cümlədən enerji istehsalı zamanı yanacaq materiallarının yandırılması, neft və qaz hasilatı, daşınma və mənzil təsərrüfatı kimi enerji tutumlu istehlak sektorlarında baş verir.
AzVision.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycanda karbon dioksid emissiyasının qarşısının alınması məqsədi ilə 2015-ci ildən bəri silsilə tədbirər həyata keçirir. Belə ki, birgə fəaliyyətlərin nəticəsində ümumi sahəsi 10,000 m2 olan inzibati ərazi enerji baxımından səmərəli avadanlıq və ekoloji ləvazimatlarla, o cümlədən enerji səmərəli pəncərələr, döşəmə istilik sistemi, havalandırma və istilik izolyasiyası sistemi ilə təchiz edilmişdir. Qeyd edək ki, bu binalardan hər il ümumi hesabla 2500 nəfər insanın bəhrələnəcəyi gözlənilir. Eyni zamanda yanacaq sərfiyyatında 10-15% qənaət etməyə imkan yaradan təhlükəsiz və enerji səmərəli nəqliyyat vasitələri Bakıya gətirilərək ildə 1200-ə qədər sürücüyə nəqliyyat vasitələrinin ekoloji cəhətdən səmərəli idarə olunması sahəsində təlimlər keçiriləcəkdir. Bundan əlavə, Siyəzən rayonun 12-yə yaxın kəndində 2500 nəfər əhalinin yaşadığı təxminən 600 ev təsərrüfatı təmiz qazla təmin ediləcəkdir.

Bütün bunlar hal-hazırda Global İqlim Fondunun (GEF) maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları (NAMA) çərçivəsində aparılır və 2020-ci ilə qədər davam edəcəkdir.

Bu gün ARDNŞ-də təşkil olunmuş konfrans məhz bu birgə fəaliyyətin nəticələri, görülən işlər və gələcək perspektivlərin müzakirəsinə həsr olunaraq həmçinin BMT-nin İnkişaf Proqramının ARDNŞ ilə həyata keçirdiyi pilot fəaliyyətlərinin uğur nümunələrinin respublika miqyasında geniş tədbiq olunmasınn vacibliyini bir daha vurğulayıb.

Konfrans öncəsi BMT-nin İnkişaf Proqramı və Azərbaycan Dövlət Neft Şirkəti arasında Niyyət Məktubu imzalanmışdır. Niyyət Məktubunu imzalayan tərəflər ətraf-mühitin qorunması sahəsində əməkdaşlığın davam etdirilməsinə dair qarşılıqlı razılıq əldə edilmişdir. İmzalanma mərasimində BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İsakzai və ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev inkişaf yönümlü fəaliyyətlərin səmərəliliyini artırmaq məqsədilə ortaq maraq doğuran sahələrdə, o cümlədən iqlim dəyişmələri, enerji səmərəliliyi, emissiyaların azaldılması və ümumən ətraf-mühitin qorunması və digər sahələrdə əməkdaşlıq etmək istəklərini ifadə edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Azərbaycan   BMT  





Xəbər lenti