Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib

Stanford Universitetində Xocalı soyqırımına dair tədbir keçirilib
  07 Mart 2018    Oxunub:1177
ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyanın 5 ən nüfuzlu universiteti sırasında (ikinci) yer alan Stanford Universitetində martın 2-də Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbri keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzVision.az-a verilən məlumata görə, konsulluğun dəstəyi və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Tədbiri giriş sözü ilə açan Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin icraçı direktoru Həmid Azəri 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş və müasir dövrün ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Xocalı həqiqətlərinin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra icma fəalları, o cümlədən Samir Lütvəliyev və Anar Usubov (Xocalı soyqırımı şahidi), çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyini, öz torpaqlarından didərgin salındığını, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildiriblər.

Sonra “Zülmətdən Qaçarkən” filmi nümayiş etdirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonda tanınmış azərbaycanlı kamança ifaçısı İmamyar Həsənovun ifasında həzin musiqi əsərləri səsləndirilib.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Xocalı   Stenford  





Xəbər lenti