Elmin İnkişafı Fondu monoqrafiyalar nəşr etdirib

Elmin İnkişafı Fondu monoqrafiyalar nəşr etdirib
  07 Mart 2018    Oxunub:2162
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində muğama dair iki monoqrafiya nəşr olunub.
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin müəllifi olduğu “Muğam fəlsəfəsi”ndə muğam əsasən düşüncə tərzi kimi araşdırılır. Bu məqsədlə monoqrafiyada muğamla fəlsəfi cərəyanlar, xüsusilə təsəvvüf arasında fəlsəfi müqayisələr aparılır. Muğamın milli düşüncə tarixi ilə paralel şəkildə tədqiq edilməsi milli təfəkkürün bir sıra əhəmiyyətli məqamlarına da aydınlıq gətirir. Bu əsərdə həmçinin muğamın multikultural mahiyyəti də araşdırılır. Bununla da çox əhəmiyyətli bir həqiqət vurğulanmış olur: öz təsir gücünə və daşıdığı missiyaya görə muğam Azərbaycanın “yumşaq gücüdür”.

Rus dilində təqdim edilən “Azərbaycan muğam-dəstgahının tarixi kökləri” (müəllif Sevil Fərhadova) monoqrafiyası isə muğamın yaranma tarixini və onun genezisini açıqlayan fənlərarası tədqiqat işinin nəticələri əsasında yazılıb. Monoqrafiyada “muğam” sözünün etimologiyası, həmçinin tədqiqat predmetinin özü yeni səpkidə interpretasiya edilir. Monoqrafiya muğam-dəstgahının konseptual məzmunu ilə bağlı bir çox suallara, Azərbaycan mədəniyyət irsinin bütün sahələrində geniş təqdim edilmiş həndəsə və rəqəmin konseptuallığı ilə də aydınlıq gətirir.

Monoqrafiyalar fəlsəfə, musiqişünaslıq, kulturologiya, incəsənət, psixologiya, fenomenologiya və digər elm sahələrinin mütəxəssisləri, araşdırmaçıları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Adıçəkilən monoqrafiyaların “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ərəfəsində nəşr olunması xüsusi əhəmiyyət kəsb edir.

AzVision.az


Teqlər: Elmin-İnkişafı-Fondu   Monoqrafiya  





Xəbər lenti