Azərbaycan Qazaxıstanın neft layihələrinə maraq göstərir

Azərbaycan Qazaxıstanın neft layihələrinə maraq göstərir
  09 Mart 2018    Oxunub:1578
Azərbaycanın neft podratçıları Qazaxıstanın “Kaşaqan” yatağının işlənməsi üzrə birgə müəssisələrdə iştirak edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə trend-ə Qazaxıstanın Energetika Nazirliyindəki mənbə məlumat verib:

“Qeyd etmək lazımdır ki, “Kaşaqan” yatağının mənimsənilməsində Qazaxıstan mallarının və xidmətlərinin təşviqinə xüsusi önəm verilir. Eyni zamanda, bu proses əcnəbi şirkətlər və Qazaxıstan şirkətləri arasında birgə müəssisələrin/konsorsiumların yaradılmasını nəzərdə tutur. Bundan irəli gələrək, rəqabətə davamlı təkliflər olarsa, Azərbaycandan olan podratçılar birgə müəssisələrin həm potensial tədarükçüsü, həm də ki, iştirakçısı qismində layihəyə cəlb oluna bilər”, - deyə o bildirib.

Xatırladaq ki, “Kaşaqan” yatağının mənimsənilməsi layihəsi çərçivəsində təsdiq olunmuş tender prosedurları fəaliyyət göstərir. Bu prosedurlara əsasən, istənilən tədarükçülər rəsmi internet-resursu vasitəsi ilə layihə operatoru tərəfindən həyata keçirilən tenderlərdə iştirak məqsədi ilə ilkin qiymətləndirmədən keçə bilər.

Azərbaycan ərazisi vasitəsi ilə Qazaxıstan enerqoresurslarının xarici bazarlara tranzitinə yönəlmiş iş barəsində danışarkən o qeyd edib ki, 7 dekabr 2017-ci il tarixində keçirilən ticarət -iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 14-cü iclasının protokoluna uyğun olaraq, Azərbaycan üzərindən Qazaxıstan neftinin və neft məhsullarının nəql edilməsi üzrə işçi qrup formalaşdırılıb.

“Hal-hazırda Qazaxıstan və Azərbaycan nümayəndələri yuxarıda qeyd olunan işçi qrupun ilk iclasının yeri və tarixi barədə məsələni müzakirə edir”, - deyə mənbə bildirib.

AzVision.az


Teqlər: Neft   Layihə   Qazaxıstan  





Xəbər lenti