“Formula-1” çempionatının Qax yarışının qalibi müəyyənləşib

“Formula-1” çempionatının Qax yarışının qalibi müəyyənləşib
  09 Mart 2018    Oxunub:1729
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında regionlarda “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Qax yarışı baş tutub.
Gərgin mübarizə şəraitində keçən yarışda Qax şəhər 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyə (1:49:043) dövrə vuraraq hamıdan ən sürətli nəticə göstərib. Qax məktəblisi bu göstərici ilə indiyədək keçirilmiş yarışlar arasında ən sürətli nəticəni reallaşdırıb.

Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final yarışına vəsiqə qazanan A.Əhmədov qalibiyyəti ilə bağlı belə danışıb: “Bir gün əvvəl simulyatorlarda dəfələrlə sınaq yürüşləri etdim. İlk dəfə Bakı trekini 1 dəqiqə 49 saniyəyə dövrə vurdum. Sonrakı yürüşlərdə bu nəticəm yaxşılaşaraq 1 dəqiqə 48 saniyə oldu. Bu gün bundan daha qısa müddətə dövrə vuracağımı düşünürdüm. Lakin olmadı, buna baxmayaraq yenə də qələbə qazandım. Çox sevincliyəm və Bakıda bütün rəqiblərimi üstələyərək regionların çempionu olacağıma inanıram”.

Böyük coşğu və əyləncə fonunda baş tutan yarışın təşkilində lazımi dəstəyi göstərmiş Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev belə tədbirlərin keçirilməsinin qısa müddət ərzində gənclər arasında avtoidmana kütləvi maraq oyadacağını bildirib: “Gənc və müstəqil ölkəmiz artıq 3-cü ildir Formula 1 yarışına yüksək səviyyədə evsahibliyi edir və hər bir azərbaycanlı bununla qürur duymalıdır. Regionlarda F1 ilə əlaqədar tədbirlərin keçirilməsi çox əhəmiyyətlidir. Bu tədbirlər sayəsində gənclərimiz həm boş vaxtlarından səmərəli istifadə edirlər, həm də əylənirlər. İnanıram ki, bu idman növü tezliklə ölkəmizdə kütləviləşəcək və biz də yaxın gələcəkdə F1 pilotları arasında azərbaycanlı gəncləri görə biləcəyik.”

Qeyd edək ki, regional F1 çempionatı çərçivəsində tədbirin ilk günü simulyatorlar şəhər sakinlərinin istifadəsinə açıq olub və həmçinin Qax şəhərinin 5 tam orta məktəbinin 9-11-ci sinif şagirdlərindən ibarət 200-dək məktəblisi AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair verilən seminarlara qatılıb. Sertifikatla təltif olunan yuxarı sinif şagirdləri növbəti gün F1 simulyator yarışında iştirak ediblər.

Regional çempionatın sonuncu yarışı Qubada 9-10 mart tarixlərində keçiriləcək. Martın 9-da simulyatorlar rayon ictimaiyyətinin istifadəsi üçün açıq olacaq və eyni zamanda rayonun yuxarı sinif şagirdləri AAF-ın təlimlərinə qoşulacaqlar. Sonrakı gün isə təlimi uğurla başa vuran məktəblilər arasında yarış baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Formula1  





Xəbər lenti