Ermənilərin fiaskosu ABŞ mətbuatında

  02 Oktyabr 2013    Oxunub : 501
Ermənilərin fiaskosu ABŞ mətbuatında
Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun “Erməni lobbisinin biabırçı fiaskosu” adlı bəyanatı ABŞ-ın 200-dən çox KİV-ində yayıldı
AzVision.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun ötən həftə erməni lobbisi tərəfindən ölkəmizin işğal altındakı ərazilərinə təşkil edilmiş qeyri-qanuni səfər barədə bəyanatı ABŞ-ın 200-dən çox KİV-ində yayılıb.

Baş konsulluqdan AzərTAc-a bildiriblər ki, bu KİV-lər sırasında “Reuters” xəbər agentliyi və “YahooNews” xəbər portalı, “BusinessWeek” jurnalı, “Wall Street Journal”, “Boston Globe”, “Sacramento Bee”, “California Chronicle”, “Los Angeles Daily News”, “Kansas City Star” və “Pasadena Star-News” qəzetləri də vardır.

Bəyanatda bildirilir ki, ötən həftə Amerika Erməni Milli Komitəsinin (ANCA) öz gücünü göstərmək üçün Kaliforniyadan Azərbaycanın işğal altında olan ərazilərinə təşkil etdiyi səfər erməni lobbisi üçün növbəti biabırçı uğursuzluqla nəticələndi. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, 20 ildən artıq Ermənistanın qanunsuz hərbi işğalı altında olan Dağlıq Qarabağa və ətraf 7 rayona Azərbaycan hökumətinin müvafiq icazəsi olmadan edilən istənilən səfər qanunazidd xarakter daşıyır. Bundan başqa, Dövlət Departamenti də ABŞ vətəndaşlarını işğal altında olan ərazilərə səfərlərdən yayınmağa çağırır.

Qeyd edilir ki, erməni lobbisi nə qədər çalışsa da, Azərbaycan parlamentinin nümayəndə heyətinin bu ilin martında Kaliforniya Senatının rəsmi dəvəti ilə bu ştata səfərinin qarşısını ala bilmədi. Azərbaycan nümayəndə heyətinin olduqca uğurlu səfərindən sonra erməni lobbisi bütün resurslarını səfərbər edərək, Kaliforniya rəsmilərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfərini təşkil etməyə çalışırdı. Lakin ANCA-nın özünün də bəyan etdiyi kimi, “beş aydan artıq müddətdə aparılmış işə” və Kaliforniya rəsmiləri ilə yüzlərlə telefon zənginə, görüşlərə, eləcə də onlara göndərilmiş elektron məktublara baxmayaraq, erməni lobbisi yalnız üç qeyri-erməni siyasətçini səfərdə iştiraka razı sala bilib. Bu üç siyasətçidən biri isə Los Ancelesdəki baş konsulluğa müraciət edərək Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Azərbaycanın icazəsini xahiş edib. Bu fiaskonu ört-basdır etmək üçün ANCA nümayəndə heyətini etnik ermənilər hesabına formalaşdırmaqdan başqa çarə görməyib. Nəticədə nümayəndə heyətinin 80 faizi ermənilərdən ibarət olub.

Bəyanatda deyilir: “İndi bəlkə də ümid etmək olar ki, erməni lobbisi, xüsusilə də ANCA bu biabırçı uğursuzluqdan öz dərsini alacaq. Erməni lobbisi başa düşməlidir ki, öz irqçi antiazərbaycan təbliğatı ilə amerikalı rəsmiləri asanlıqla yanıldaraq onları beynəlxalq hüququ pozmağa sövq edə bildikləri vaxtlar artıq arxada qalıb.

Ancaq “Washington Post” qəzetinin redaksiya heyətinin 2010-cu ildə “iyrənc lobbi” adlandırdığı ANCA-nın xislətini nəzərə alaraq, belə ümidlərin əhəmiyyətsiz olduğunu güman etmək olar.

Baxmayaraq ki, ANCA ABŞ ermənilərini təmsil etdiyi iddiasını irəli sürür, faktiki olaraq bu təşkilat Ermənistanın korrupsiyalaşmış hökumətinin ABŞ-dakı təbliğat şöbəsinə çevrilib. ABŞ-dakı çoxlu sayda məlumatsız erməni donorlardan vəsait toplayan bu mənfi reputasiyalı lobbi yalnız erməni diasporunun diqqətini Ermənistanı bürümüş dövlət korrupsiyasından, genişmiqyaslı insan haqları pozuntularından, sosial ədalətsizliklərdən, xüsusilə də bütün bu problemlər nəticəsində ölkənin daimi mühacirət səviyyəsinə görə dünyanın “aparıcı” dövlətlərindən birinə çevrilməsi faktından yayındırmaqla məşğuldur. Bu ciddi problemləri həll etmək və öz vətəndaşları ilə qeyri-insani rəftara son qoymaq üçün Ermənistan rəhbərliyinə təzyiq göstərmək əvəzinə ANCA və digər radikal erməni təşkilatları bu hökuməti hər vəchlə dəstəkləməkdə və hər il “humanitar yardım” adı altında diaspordan milyonlarla dolları Ermənistana ötürməkdə davam edir. Həmin pullar da sonradan Ermənistan rəsmilərinin müxtəlif xarici bank hesablarında “peyda olur”.

Bundan başqa, erməni lobbisi Azərbaycan haqqında ABŞ-da yalanlar yaymaqda, Birləşmiş Ştatların milli maraqlarına zidd olaraq amerikalı qanunvericilərə rəsmi Vaşinqtonun etibarlı tərəfdaşı olan Azərbaycan əleyhinə mənfi mövqe tutmaq üçün təzyiqlər göstərməkdə davam edir.

Ancaq buz artıq əriyir və erməni lobbisinin bu son fiaskosu ABŞ ictimaiyyətində Azərbaycan və onun ədalət uğrunda yorulmaz mübarizəsi barədə artmaqda olan məlumatlılığın növbəti bariz nümunəsidir”.

Teqlər: