Hindistan-Azərbaycan Biznes Forumu keçiriləcək

  12 Mart 2018    Oxunub : 672
Hindistan-Azərbaycan Biznes Forumu keçiriləcək
Hindistanın Ticarət və Sənaye Palatası tərəfindən 13-16 mart 2018-ci il tarixində Bakı şəhərində AMAY ticarət mərkəzində Hindistan məhsullarının sərgisi təşkil ediləcək. Bu münasibətlə, martın 13-dən iki ölkənin biznes qurumları arasında Hindistan-Azərbaycan Biznes Forumu keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib.

"Hindistanın Ən Yaxşıları - Eksklüziv Məhsulları" sərgisində Hindistanın 95 şirkəti elektrik və elektronik məhsullar, velosiped, düyü, çay, ədviyyat qablaşdırma və əczaçılıq, ev mebelləri, tekstil, geyim, zərgərlik məhsulları, kosmetika daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər nümayiş olunacaq. Biznes və ticarətlə yanaşı tədbir Hindistan mətbəxi, Bollywood festivalı və.s vasitəsilə Hindistanın mədəni irsini təsvir etməyə yönələcək. "Best of İndia Show" 13-16 mart tarixlərində keçiriləcək. Giriş saat 10:00-18:00-dək ödənişsiz olacaq".

Səfir qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi, ikitərəfli əməkdaşlığa əsaslanan yaxın dostluq əlaqələri mövcuddur: "Hindistanım ONGC-Videsh şirkəti Azəri - Çıraq - Günəşli neft yataqlarının işlənməsi üçün 2017-ci ilin sentyabrında imzalanan yenilənmiş "Əsrin Müqaviləsi"ndə tərəfdaş və Azərbaycanın neft-qaz sektorlarında sərmayədardır. Enerji sektoru ilə yanaşı əczaçılıq, kənd təsərrüfatı, turizm, elm və texnologiya, tekstil, geyim və təhsil sektorlarında artmaqda olan biznes və ticarət əməkdaşlığı mövcuddur. 2017-ci ildə Hindistanın Azərbaycana ixracı 60 faizdən çox artıb. Hindistan və Azərbaycan arasında ikitərəfli ticarətin dövriyyəsi 462 milyon dollara çatıb".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Hindistan   Səfir