Gədəbəydə 29 kilometr yol yenidən qurulur
Layihə çərçivəsində, mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 19 yerdə uzunluğu 223 poqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, yolun 6, 7, 8 və 10-cu kilometrində yerləşən düzbucaq formalı suötürücü boruların başlıqlarının dəmir-betonla təmiri nəzərdə tutulub. Həmçinin yolun 1-ci kilometrində uzunluğu 6 metr, eni isə 8 metr olan körpünün hər iki tərəfdən 1,2 metr genişləndirilməsi, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda "U" şəkilli dəmir-beton küvetlərin quraşdırılması və tələb olunan yerlərdə küvetlərin açılması işləri də yenidənqurma işləri zamanı həyata keçiriləcək.
Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılacaq, eyni materialla çiyinlər bərkidiləcək. Daha sonra yol örtüyünün alt və üst qatlarının asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq. Analoji işlər Qoşabulaq-Sarıtala və Çanaqçı-Haçaqaya avtomobil yollarında da aparılır. Bundan başqa, yollar boyu 6 yerdə uzunluğu 82 poqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, əsasın və örtüyün müxtəlif qalınlıqlara optimal qum-çınqıl materialı ilə tikintisi işləri də layihədə nəzərdə tutulub.
Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 96 ədəd yol nişanı, 830 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 1280 poqonmetr əyrixətli dəmir tirlər quraşdırılacaq, 40 kilometr yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qeyd olunub ki, Slavyanka-Qoşabulaq-Pərizamanlı, Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yollarının yenidən qurulması ilə 11,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq.
AzVision.az