Rusiya və İranı “sevməyən” yeni dövlət katibi - Pompeo kimdir?

Rusiya və İranı “sevməyən” yeni dövlət katibi -  Pompeo kimdir?
  14 Mart 2018    Oxunub:2396
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu tutduğu vəzifədən azad edib. Tillersonun yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeo təyin olunub. Tramp Tillersona təşəkkür edib, yeni dövlət katibinin fantastik iş görəcəyini vurğulayıb.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yeni rəhbəri Maykl Pompeo 30 dekabr 1963-cü ildə Kaliforniyada anadan olub. Maykl Pompeo “Uest-Poynt” hərbi akademiyasına daxil olub və oranı 1986-ci ildə bitirib.

Daha sonra orduda xidmət edib və Fars Körfəzi müharibəsində iştirak edib. Onun hərbidə fəaliyyəti bununla bitib və bizneslə məşğul olmağa başlayıb. O, özəl mühafizə xidməti yaratsa da, bir müddətdən sonra aktivlərini satıb.



Maykl Pompeo eyni zamanda neft axtarışları üzrə şirkət yaradaraq ona rəhbərlik etməyə başlayıb. Bu sahədə işlədiyi müddətdə büdcəsini xeyli artırıb. 1994-ci ildə Harvard universitetində hüquq doktoru dərəcəsi alıb, hüquq firmasında işləməyə başlayıb. 55 yaşlı M.Pompeo 2011-ci ildən Kanzas ştatını ABŞ Nümayəndələr Palatasında təmsil edib. O, Rusiya ilə münasibətdə sərt ritorika nümayiş etdirib.



Pompeonun fikrincə, rəsmi Moskva özünü aqressiv aparır və demək olar ki, İŞİD terrorçu qruplaşması ilə mübarizədə ciddi səy göstərmir. O, hesab edir ki, ABŞ Rusiya tərəfindən törədilən kiberhücumlara güclü cavab verməlidir.

Dövlət departamentinin yeni rəhbərinin sözlərinə görə, İranla dünya gücləri arasında əldə edilən nüvə razılaşması ABŞ-ın səhvidir. Ümumilikdə isə o, İran və Rusiya əleyhinə sərt mövqeyi ilə diqqət çəkir.



Qeyd edək ki, Pompeo 24 yanvar 2017-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər təyin edilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Pompeo   Tramp  





Xəbər lenti