Səməd Seyidov: `Sarkisyan üzr istəməlidir` - EKSKLÜZİV

Səməd Seyidov: `Sarkisyan üzr istəməlidir` - EKSKLÜZİV
  03 Oktyabr 2013    Oxunub:1526
`Serj Sarkisyan sessiyada öz həqiqi simasını açdı. Ona görə ki, Azərbaycanın nümayəndə heyyəti tərəfindən verilən suallara məntiqsiz və tamamilə Avropa standartlarına uyğun olmayan tərzdə cavablar verirdi. Sarkisyan bütün Avropa ictimaiyyətinə göstərdi ki, Ermənistan reallıqda işğalçı dövlətdir`.

Bu sözləri AzVision.az-a açıqlamasında hazırda Strasburqda olan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Ermənistan prezidenti Serj Sərkisyan çıxışlarına münasibət bildirərkən deyib.

Seyidov qeyd edib ki, Sarkisyan sessiyada verilən suallara əsassız cavablar verməklə Ermənistanın işğalçı bir dövlət olduğunu dünya ictimaiyyətinə bir daha göstərib:

- Mən öz çıxışımda bir daha vurğuladım ki, Ermənistanın Azərbaycan torpaqlarının 20%- ni işğal etməsi faktdır. Daha sonra Ermənistan prezidentinə bildirdim ki, riyaziyyatda o qədər də güclü olmadığı bəlli olur. Çünki 20% işğalı qəbul etməyn Serj Sarkisyan 20%- dən aşağı rəqəm göstərir. İşğalın bir kvadrat metri də böyük bir cinayətdir. Deməli o, faktik olaraq Azərbaycanın ərazi bütövlüyünün pozulmasını və torpaqlarımızın real işğalını böyük tirbunada etiraf etdi.

İkincisi, işğalla bağlı münasibət bildirən Ermənistan dövlət başçısı Avropa Şurasının başqa dövlətini birbaşa hədələyərək, `20% işğal etmişik, daha çox , 25-30% də işğal etməyə hazırıq`- sözlərini dedi. Sözün əsl mənasında öz işğalçılıq siyasətini ikinci dəfə də rəsmi olaraq təsdiq etdi.

Hesab edirəm ki, Serj Sarkisyan üzr istəməlidir. Mən ona sual verərək dedim ki, bizim torpaqlarımızı işğal etdiyiniz azmış kimi, Türkiyəyə, Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edirsiniz. Cavabında bildirdi ki, `yox, cəfəngiyatdır. Siz belə bir fakt tapsanız mən sizdən üzr istəyəcəyəm`.

Serj Sarkisyanın erməni gəncləri qarşısında çıxış edərək, `Bizim nəslimiz Qarabağı işğal etdisə, siz gənclər Ağrıdağı gərək mütləq Ermənistana qaytarasınız`,- deməsi hamının yadındadır. Bu, iddia deyilmi? Ermənistanın rəsmi simvollarında Türkiyənin ərazisinin əksi iddia deyilmi? Ermənistanın konstitusiyasında birbaşa Türkiyə ərazi iddiaları yoxdurmu? Deməli, Serj Sarkisyan böyük tirubunada yalan danışır. Və öz sözünə əməl edib, gəlib üzr istəməlidir.

Səməd Seyidov bildirib ki, Avropa Şurasında Ermənistan prezidentinin çıxışı gülüş doğurur: `Ona görə ki, iki qapı arasında qalıb. Bir tərəfədən Avropa ilə, digər tərəfdən isə Rusiya ilə münasibət qurmaq istədiyini deyir. Sessiyada deputatlardan biri ona dedi ki, siz mövqeyinizi müəyyənləşdirin, hansı istiqamətdə ölkəni idarə etmək istəyirsiniz və niyə tək bu qərarı verirsiniz. Ermənistan xalqından soruşardınız, referendum keçirərdiniz. Ermənistan xalqı Avropaya, yoxsa Rusiyaya getmək istəyir? Sarkisyanın cavabı bir mənalı oldu ki, `mən özüm bu qərarı verirəm və mən bilirəm Ermənistan xalqı nə istəyir`. Ancaq başqa bir şəxs onun xalqının iradəsini əks etdirmədiyi haqqında birbaşa bəyanatla çıxış etdi`.

S.Seyidov əlavə edib ki, Sarkisyanın bu dəfəki biabırçı və birbaşa işğalçı dövlətin siaysətini bu şəkildə göstərməsi ilə heç vaxt rastlaşmamışdı. Sarkisyan çıxışı ilə Ermənistanın xarici siyasətinin iflasını və dövlətin gələcəyinin olmamasını və özünün səviyyəsinin aşağı olduğunu sübut edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti