Sofiyada cümhuriyyətin 100 illiyi qeyd olunub

Sofiyada cümhuriyyətin 100 illiyi qeyd olunub
  14 Mart 2018    Oxunub:1232
Sofiya Beynəlxalq Film Festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.
Səfirlikdən AzVision.az-a verilən məlumata görə, filmin nümayişi Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunması çərçivəsində baş tutub.

Gecədə Bolqarıstan Respublikası Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Sofiya Şəhər Meriyası, eləcə də Bolqarıstanın digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, həmçinin Film tənqidçilərinin Beynəlxalq Federasiyasının (FİPRESCİ) Baş katibi Klaus Eder, Bolqarıstan Film tənqidçilərinin Gildiyasının sədri Bojidar Danev və digərləri iştirak ediblər.

Festival Bolqarıstanda ən böyük festival olub Mərkəzi və Şərqi Avropada əsas film tədbirlərindən hesab olunur. Sözügedən festival 2010-cu ildə Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİARP) tərəfindən akkreditə olunmuşdur və Bolqarıstanda FİARF tərəfindən tanınan yeganə film festivalıdır.

Gecənin açılışında çıxış edən səfir Nərgiz Qurbanova 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu bildirib. O bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini, AXC-nin yaranmasının Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu söyləyib. Səfir 100 bundan öncə qadınlara səsvermə hüququ verən AXC-in müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını əlavə edib.



“Əli və Nino” filminin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi fonunda iki gəncin məhəbbət hekayəsindən bəhs etdiyini vurğulayan N. Qurbanova filmdə müsəlman Azərbaycan gənci ilə xristian gürcü qızı arasında məhəbbətin təsvir olunduğunu, habelə Azərbaycanda AXC-in yaranmasından öncə və sonra cərəyan edən siyasi proseslərin əks edildiyini bildirib. O, filmdəki hadisələrin Tbilisi, Tehran, Dağıstan, eləcə də Bakıda İçəri Şəhər, Gəncə və Dağlıq Qarabağda Azərbaycanın mədəni mərkəzi olan və hazırda Ermənistan tərəfindən işğal altında olan Şuşada cərəyan etdiyi barədə məlumat verib.

Sonra film nümayiş olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

AzVision.az


Teqlər: Sofiya   AXC   100-il  





Xəbər lenti