Evlərdən silsilə oğurluq edən şəxslər tutulub

Evlərdən silsilə oğurluq edən şəxslər tutulub
  15 Mart 2018    Oxunub:1375
Mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki şəhərində regional qrupundan AzVision.az-a verilən məlumata görə, ötən il dekabrın 12-də Mingəçevir şəhər sakini Ellada Kərimli ŞPŞ-yə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxana kimi istifadə olunan obyektdən televizorun oğurlandığı barədə məlumat verib.

Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanaraq şöbəyə gətirilib. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər.

Ətraflarında aparılan araşdırmaların davamı olaraq həmin şəxslərin etdikləri başqa cinayətlərin də üstü açılıb. Belə ki, Mingəçevir şəhər sakinininə məxsus mənzildən 8 min manat dəyərində məişət əşyalarını oğurladıqları müəyyən edilib.

Saxlanılan şəxslərdən Arzuman Rəhimovun Mingəçevir şəhər sakininə məxsus yaşayış evindən 1000 manat dəyərində televizor oğurladığı da aşkar edilib.

Ümumilikdə oğurlanan avadanlıqların az bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq   Həbs  





Xəbər lenti