Türkiyənin baş naziri: "Azərbaycan qazı Avropaya daşınacaq"

Türkiyənin baş naziri: "Azərbaycan qazı Avropaya daşınacaq"
  15 Mart 2018    Oxunub:1432
“Qafqazda Azərbaycan, Gürcüstan və Türkiyə regional əməkdaşlığı, hətta qlobal rifahı yaxından maraqlandıran önəmli layihələr həyata keçirməkdədir”.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin əhəmiyyətindən danışan Baş nazir bildirib: “Həyata keçirdiyimiz layihələri sadalamaq istəmirəm. Ancaq, rol aldığım Bakı-Tbilisi-Qars dəmiryol xətti sadəcə Azərbaycan, Gürcüstan və Türkiyəni maraqlandırmır. Bu layihə Uzaq Şərqdən, Qərbi Avropaya qədər böyük bir coğrafiyanı maraqlandıran və yüz illər boyu tarixi İpək Yolu olaraq xidmət göstərən orta koridoru müasir dəmiryolu xətti ilə birləşdirən layihədir. Bu layihə vasitəsilə Uzaq Şərq, Orta Asiya, Qafqaz, Anadolu, Yaxın Şərq, Balkanlar və Avropa birləşdirilmiş olacaq”.

B.Yıldırım qeyd edib ki, TANAP-ın inşası bu il tamamlanacaq: “Beləliklə də Azərbaycan qazı Anadolu üzərindən Balkanlara və Avropaya daşınacaq. Bu əslində regional və beynəlxalq əməkdaşlığın ən gözəl nümunələrindən biridir. Bu bir tərəfdən enerji təhlükəsizliyinin təmini, digər tərəfdən isə ölkələrin bir-birinin ehtiyacını qarşılama baxımından çox önəmlidir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti