“Saakyanın səfəri ABŞ-ın nüfuzuna ciddi xələl gətirir” - Politoloq

“Saakyanın səfəri ABŞ-ın nüfuzuna ciddi xələl gətirir” - Politoloq
  15 Mart 2018    Oxunub:3597
“Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanın Vaşinqtona səfəri və onun Konqresdə keçirilən dinləmələrdə iştirakı dünyanın fövqəl, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ-ın nüfuzuna ciddi xələl gətirir”.
Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Sahil İskəndərov deyib. Politloqun sözlərinə görə, ABŞ dünya nizamına bir növ özünün cavabdehlik daşıdığını bəyan edirsə, ondan beynəlxalq hüquq normalarına əməl olunması tələbi və gözləntiləri ən yüksək səviyyədədir: “Bu baxımdan nə dərəcədə düzgündür ki ABŞ rəsmi müstəvidə belə işlərə yol verir? ABŞ rəsmi qaydada bildirir ki, Dağlıq Qarabağ adlı bir qurumu tanımır və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır və onun bərpasına çalışır. Bütün bunlar gəlişi gözəl sözlərdir. Sözlə əməl üst-üstə düşməyəndə haqlı tələblər və iradlar ortaya çıxır. Bəzən belə məsələlərlə bağlı deyilir ki, ABŞ-da hər bir hakimiyyət qanadı digərinin səlahiyyətlərini və hüquqlarını tənzimləyir, məhdudlaşdırır. Bu, ABŞ-ın öz daxili işlərinə aid ola bilər. Amma, beynəlxalq hüquq müstəvisində istənilən dövlətin mövqeyi vahid cəbhədən olmalıdır. Tutaq ki, Azərbaycanda parlament, yaxud məhkəmə hakimiyyəti bəyan edərdi ki, Kaliforniya ştatının ABŞ-dan ayrılmasını dəstəkləyirik. Bu, mümkün olan şey deyil. Yəni xarici siyasət mövzusunda hakimiyyətin bütün qolları vahid mövqedən çıxış etməlidirlər. Bu nə deməkdir? Konqres özəl şirkətdirmi? Xeyr. Konqres ABŞ-ın hakimiyyət qanadıdır. Ona görə də beynəlxalq münasibətlər müstəvisində Konqres Ağ ev administrasiyası ilə bərabər hərəkət etməlidir”.

S.İskəndərov qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin hər birinin mövqeyi separatçı rejimə açıq və ya üstüörtülü “məhəbbət” ifadə edirsə, buna heç bir halda haqq qazandırmaq olmaz: “Əgər belə hal varsa, Azərbaycan necə haqlı tələbini ortaya qoymasın? Hesab edirəm ki, münaqişənin həllini əngəlləyən məhz bu amillərdir. Krımın Rusiyaya ilhaqı ilə bağlı beynəlxalq müstəvisində nələr baş vermir. Bununla bağlı ABŞ Rusiyaya qarşı tətbiq olunan sanksiyaları sərtləşdirir. Bəs Azərbaycanın ərazisi nədir? Onların özləri də bilir ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib. Bəs niyə işğalçıya qarşı sanksiya tətbiq edilmir? Əvəzində separatçı rejimin rəhbəri bəh-bəhlə görüşlərə dəvət olunur. Bundan sonra hansı separatçı rejimin rəhbəri münaqişənin həllində konstruktiv mövqe tutar? Hesab edirəm ki, istər ABŞ, istər digər həmsdər dövlətlər, istərsə də qeyri-həmsədr dövlətləri separatçı rejimin rəhbərini görüşə dəvət etməkdənsə, onu beynəlxalq axtarışa verməli və həbs olunmalıdır.

Məsələn, indiki Krımın, Donbasın rəhbəri rahatlıqla hansısa Avropa ölkəsinə, ABŞ-a səfər edə, yaxud parlament səviyyəsində dəvətlə ora gedə bilərmi? Bu ikili standart deyilsə, nədir bəs? Dağlıq Qarabağ məsələsinə gəlincə bu dövlətlər deyir ki, gedib dil tapsınlar. Separatçılarlamı? Bunlar separtçıları ora dəvət etməklə Azərbaycanı təslimçiliyə təhrik etməyə çalışırlar. Bu məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlaması ilə tanış oldum. Bunlar ümumi sözlərdən ibarət, mücərrəd bəyanatlardır. Konkret əməldə bunu etmək lazımdır. Hesab edirəm ki, ABŞ bu addımları ilə öz nüfuzuna zərbə vurur”, - deyə politoloq vurğulayıb.

Qeyd edək ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı martın 14-də ABŞ Konqresinin Kannon binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti