Misirin yeni səfiri şeyxlə görüşüb

Misirin yeni səfiri şeyxlə görüşüb
  15 Mart 2018    Oxunub:1688
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul edib.
Bu barədə Misirin Azərbaycandakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Səfiri səmimi salamlayan QMİ sədri Azərbaycan-Misir əlaqələrinin bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də olan səviyyəsindən razılığını bildirdi. İstər sovetlər dönəmində, istərsə müstəqillik dövründə Azərbaycanın Misirlə əlaqələrinin xalqlarımız arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə rəvac verdiyini bildirən Şeyxülislam, ümummulli lider Heydər Əliyev, Azərbaycan Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin fəaliyyətləri dövründə yeni, daha yüksək dövlətlərarası səviyyəyə qalxmasından məmnunluqla bəhs etdi. QMİ sədri həmçinin Misirin din xadimləri ilə münasibətlərini yüksək dəyərləndirərək, bütün beynəlxalq konfranslarda yüksək əməkdaşlıq münasibətlərindən danışdı. Bu yaxınlarda 2017-ci ilin dekabrında Bakıda keçirilmiş İslam Həmrəyliyi İlinin yekunlarına dair Beynəlxalq konfransda Misirin ali dini liderinin iştirakını rəğbətlə xatırladı. Şeyxülislam səfirə məlumat verdi ki, həmin Konfransın yekun qərarına əsasən mərkəzi Azərbaycanda olacaq Qafqaz Müsəlmanları İdarəsi yanında fəaliyyət göstərəcək yeni yaradılmış “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” Mərkəzində Misirin yüksək səviyyəli nümayəndəsi də yer almışdır. Misirin müsəlman dünyasında rolunu dəyərləndirən Şeyxülislam Allahşükür Paşazadə həmçinin Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfələrdən bəhs etdi. Misirin dünyaca məhşur Əl-Əzhar Universitetinin İslam dünyası üçün əhəmiyyətindən danışan QMİ sədri Misir xalqına yeni uğurlar dilədi, Novruz ərəfəsində səadət və rifah arzularını qardaş Misir xalqına və onun rəhbərliyinə çatdırmağı səfirdən xahiş etdi. QMİ sədri səfirə Azərbaycanda qarşıdakı fəaliyyətində uğurlaq dilədi.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd etdi. Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Səfir Adel İbrahim Ahmed İbrahim Qafqazın ali dini lideri Şeyxülislam Allahşükür Paşazadəyə səmimi qəbula görə təşəkkürünü bildirdi və Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək səylərini əsirgəməyəciyini bildirdi.

Səmimi şəraitdə keçən görüşün sonunda səfirə xatirə hədiyyəsi və Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətinə həsr olunmuş albom-kitab hədiyyə olundu.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Misir   Azərbaycan  





Xəbər lenti