Rumıniya Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir

Rumıniya Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir
  16 Mart 2018    Oxunub:1316
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçall ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Ana Birçall Bakıdakı Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından dərin hüznlə Azərbaycan xalqına və dövlətinə başsağlığı verib.

Baş nazirin müavini 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayaraq, 2018-ci ilin Azərbaycanın və Rumıniyanın müstəqilliklərinin 100 illiyi ilə əlamətdar olduğunu deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq məsələlərin müzakirə edildiyi platforma olduğunu deyən Ana Birçall Forumda iştirakından məmnunluğunu bildirib.

Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışındakı çıxışını, Azərbaycanın inkişafı naminə dövlət başçısının strateji baxışını və ölkəmizdə multikultural ənənələrin inkişafı və təşviqini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi dialoqun inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji, nəqliyyat, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunulub. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımdan Hökumətlərarası Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin və biznes-forumun təşkilinin vacibliyi qeyd olunub.

Ana Birçall bildirib ki, Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını davamlı surətdə dəstəkləyir.

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıblar.

Nazir Elmar Məmmədyarov Cənub-Qərb nəqliyyat dəhlizinin inkişafı haqqında məlumat verərək bu xüsusda Qara dəniz vasitəsilə Rumıniya ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. A.Birçall, öz növbəsində, Azərbaycanın strateji mövqeyə malik olduğunu vurğulayıb, Rumıniyanın nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini və Qara dəniz və Xəzər dənizi arasında bərə nəqliyyatı ideyasını dəstəklədiyini qeyd edib.

Baş nazirin müavini bildirib ki, Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir.

Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti