Doğulduğu gündən əlil olan Samirənin kolleksiyası - FOTOLAR

Doğulduğu gündən əlil olan Samirənin kolleksiyası - FOTOLAR
  16 Mart 2018    Oxunub:5813
Azərbaycan Fransız İnstitutunda ayaqları ilə rəsm çəkən rəssam-sənətkar Samirə Salmanovanın şəxsi əsər kolleksiyasının açılışı baş tutub.
Daha çox portret və təbiət janrına üstünlük verən Samirənin çox sayda əsəri indiyədək keçirilmiş sərgilərdə satılsa da, hazırda evlərində 50-fən artıq əsəri var.

Atası Ramiz Salmanov deyir ki, Samirə doğulduğu gündən əlil olub. "Amma özünü dərk edəndən rəsm çəkməyə meyl edib. İlk dəfə o, ördək və balalarını çəkib. Sonradan onun çəkdiklərini rəssamlardan birinə göstərdik. Baxıb dedi bu qızda fitri istedad var", - deyir R.Salmanov.



Hazırda 37 yaşı olan Samirə həyatının 30 ilini rəssamlığa həsr edib.

Atası R.Salmanov bildirir ki, 1997-ci ildə ulu öndərimiz Heydər Əliyevin iştirak etdiyi sərgiyə qatılan Samirənin sənəti böyük uğur qazanıb. Elə bu da onun şöhrət qazanması üçün başlanğıc olub.

"Samirə 2002-ci ildə Moskvaya dəvət aldı. O vaxt 12 nəfər Samirə kimi fiziki qüsurlu uşaq dəvət almışdı və bütün bunlar onun uğurlara açılan yolunu müəyyənləşdirir" - deyən R.Salmanov əlavə edib ki, hazırda Samirənin yeganə arzusu mexaniki əlil arabası əldə etməkdir.



Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez bildirib ki, Samirə Salmanova tanınmış rəssamdır. Vaxtilə Heydər Əliyev də onunla görüşüb. "Samirə Salmanova bütün əsərləri ayaq barmaqları ilə çəkib ki, bu da böyük istedaddan xəbər verir. Şadam ki, Salmanovlar ailəsi Samirəyə hər cür dəstək verir" deyən səfir əlavə edib ki, belə fiziki qüsurlu istedadlar Fransada da var.

Səfir bildirib ki, Samirə Fransadakı "Əı-Ayaq" humanitar dərnəyi ilə əməkdaşlıq edə bilər. Samirənin atası R.Salmanov səfirə göstərdiyi diqqətə görə təşəkkür edib.



Qeyd edək ki, 1981-ci ildə anadan olmuş Samirə “uşaq-serebral iflic” diaqnozu ilə anadangəlmə xəstə doğulub. O yerimir, ayaq üstə dura bilmir, əlinə heç bir şey götürə bilmir, eşitməsi yaxşı olsa da, danışa bilmir. Bütün bu çatışmazlıqlara baxmayaraq, Samirədə İlahi tərəfindən verilmiş fitri istedad var. Belə ki, Samirə yeganə ümidi olan ayaq barmaqları ilə olduqca gözəl rəsm əsərləri yaradır. Samirənin heç bir dərs almamasına baxmayaraq, o, ayaq barmaqları ilə yazı yazır, şəkil çəkir, kompüterlə sərbəst işləyir, hətta diyircəkli kresloda oturduğu yerdə ayaq barmaqları ilə xırda ev işlərini də yerinə yetirir.



O, 2002-ci ildə Moskvada keçirilən Beynəlxalq “Filantrop fondu”nun sərgisində böyük nailiyyətə imza atıb. Samirənin ayağı ilə çəkdiyi ən qiymətli əsərləri Moskvanın Tretyakovski Qalereyasında nümayiş etdirilərək oranın fonduna qəbul edilib.



Hazırda Samirə “Əlil qadınlar”, “Əlillərin beynəlxalq əməkdaşlığı” və digər bu kimi cəmiyyətlərin fəal üzvlərindəndir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti