2825 əcnəbi Azərbaycandan çıxarıldı

 2825 əcnəbi Azərbaycandan çıxarıldı
  04 Oktyabr 2013    Oxunub:1059
Cari ilin sentyabr ayında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən 3016 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

AzVision.az -ın DMX-nin saytına istinadən verdiyi məlumata görə, onlardan 18-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 173 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 2669 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 156 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ümumiyyətlə, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6400 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 47 651 nəfər əcnəbinin müraciəti qeydə alınıb. Bununla yanaşı, işəgötürənin ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 71 sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində 28 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması qaydalarının pozulması halları aşkar edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti