Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi
  05 Oktyabr 2013    Oxunub:1062
“Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir.”
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil işçilərini təbrik edib. Nazir təbrikində təhsilin cəmiyyətin inkişafında, insanların layiqli vətəndaş kimi formalaşmasında müstəsna əhəmiyyətə malik olduğunu deyib.

"Bütün dövrlərdə hər bir ölkənin uğurlu gələcəyi, ayrı-ayrı sahələrdə əldə olunan nailiyyətləri təhsilin inkişaf səviyyəsi ilə müəyyən olunur.

Sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənməli, dünya təhsilindəki sürətli tərəqqi proseslərindən geri qalmamalıdır. Bütün bunların təmin olunması məqsədi ilə son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı proqram və layihələr həyata keçirilir.

Təhsil sisteminin qarşısında duran əsas hədəflərə çatmaqda müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Müəllim əməyi ən yüksək qiymətə və ehtirama layiqdir. Bunun üçün də yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq prioritet məsələlərdən biridir.

Müəllimlər hər bir cəmiyyətin elitasıdır. XXI əsrdə bilik və bacarıqların önəmi daha da artacaqdır. Bu missiyada "öyrənməyi öyrətmək" vəzifəsi müəllimlərin üzərinə düşür. Deməli, cəmiyyətimizin bütün hədəflərinin gerçəkləşməsi, həm də müəllimlərimizin öz missiyasına necə əməl etməsindən asılı olacaq.

Azərbaycan təhsilinə, təhsil işçilərinə daim böyük diqqət və qayğı göstərən dövlət başçısı ənənəyə uyğun olaraq, builki peşə bayramları ərəfəsində də bir qrup təhsil işçisinin təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Təltif olunanları təbrik edir, təhsilimizə göstərdiyi diqqətə görə möhtərəm Prezidentimizə çoxminli təhsil işçiləri adından minnətdarlığımızı bildiririk.
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərimizi ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram".

AzVision.az


Teqlər:  





Xəbər lenti