252 gənc Ədliyyə orqanlarında işləmək şansı qazandı

  05 Oktyabr 2013    Oxunub : 313
252 gənc Ədliyyə orqanlarında işləmək şansı qazandı
Ədliyyə Nazirliyində 100-dən artıq gənc hüquqşünas, xaricdə təhsil almış müdavim, tibb işçiləri, o cümlədən Penitensiar xidmətə qəbul olunan 152 nəfər gənc ilə görüş keçirilib

AzVision.az xəbər verir ki, növbəti seçim prosesində uğur qazanaraq ədliyyənin müxtəlif sahələrinə təyinat alan 100-dən artıq gənc hüquqşünas, xaricdə təhsil almış müdavim, tibb işçiləri, o cümlədən penitensiar xidmətə qəbul olunan 152 nəfər gənc ilə Ədliyyə Nazirliyində rəhbərliyinin görüşü keçirilib.
Tədbirdən öncə gənclər Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstəsi düzüb, dahi öndərin əziz xatirəsini ehtiramla anıblar. Görüşdə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində dövlətimiz tərəfindən gənclərə xüsusi diqqətin yetirilməsini, müasir gəncliyin aktual məsələlərinin həllinə yönəldilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunmasını, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin potensialının gücləndirilməsinin əsas prioritetlərdən biri kimi müəyyən edilməsini qeyd edib.

F.Məmmədov ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlərdən bəhs edib, qulluğa qəbul olunan hər bir şəxsdən məsuliyyət, insanlara qayğılı münasibət göstərilməsi kimi əsas meyarların tələb olunduğunu diqqətə çatdırıb, stajorlara vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələrini verib.

Qeyd olunub ki, şəffaf prosedurlarla keçirilən müsabiqələr əsasında qulluğa qəbul edilən şəxslərin tam əksəriyyəti gənclərdir və bu gün ədliyyə orqanları işçilərinin yarısını məhz gənclər təşkil edir.

Mərasimdə çıxış edən gənc mütəxəssislər Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə edərək ədliyyə orqanlarına qulluğa qəbul olunmalarından qürur hissi keçirdiklərini, müsabiqənin aşkarlıq şəraitində obyektiv təşkil olunmasına görə təşəkkürlərini bildirib, ölkəmizin daha da qüdrətlənməsinə sədaqətlə xidmət göstərəcəklərini vurğulayaraq, şərəfli ədliyyə işçisi adını daim uca tutacaqlarına söz veriblər.

Sonra qulluğa qəbul olunanlar təntənəli qaydada Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içib, onlara xidməti vəsiqələr təqdim edilib, nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olublar.

Teqlər: