Kürəyə saplanan Hnçak: Ermənilərin maskalanmış terror təşkilatı – DOSYE

Kürəyə saplanan Hnçak: Ermənilərin maskalanmış terror təşkilatı – DOSYE
  04 Aprel 2018    Oxunub:5235
1993-cü il 6-9 oktyabr tarixlərində Livanda bir kilsəyə toplaşan siyasi partiya nümayəndələri və 150-dən çox erməni gəncin qatıldığı toplantıda erməni baş yepiskopu belə bir çıxış edir: “Ermənistan dövləti qurulub və hər keçən gün öz ərazisini genişləndirməkdədir. Başda ABŞ olmaqla, Qərb dövlətləri Dağlıq Qarabağda aparılan müharibədə erməniləri haqlı tərəf kimi tanıyırlar. Türkiyə daxilində müharibə davam etdiriləcək. Türk iqtisadiyyatı tənəzzül edəcək və xalq əziləcək. Türkiyə bölünəcək və bir kürd dövləti qurulacaq”.
Bu nitq erməni terror təşkilatı üzvlərinin 90-cı illərdə Beyrut şəhərində ümumi toplantısında səsləndirilib. Ən yeni tarixidir və heç nə dəyişməyib.

“Hnçak”ın yaranması

“Hnçak” terror təşkilatı 1887-ci ildə İsveçrənin Cenevrə şəhərində, Marksist ideologiyası tərəfdarları Avetis Nazarbekyan, Məryəm Vardanyan, Kevork Haraciyan, Ruben Han-Azat, Kristofor Ohanyan, Qabriyel Kafyan və Manuel Manuelyan tərəfindən qurulmuşdur. “Hnçak” sözünü açılışı ermən dilindən tərcümədə “Can” deməkdir.

Vaxtilə terrorçu təşkilat olmuş “Hnçak” hazırda Ermənistanda siyasi partiya kimi tanınır. Yarandığı ilk dövrlərdə “siyasi partiya” adı altında terror əməlləri törətmiş qurum bir müddət İsveçrədə fəaliyyət göstərdikdən sonra, əsas mərkəzini Britaniyanın paytaxtı London şəhərinə köçürüb.

Təşkilatın 1888-ci ilə aid proqramında əsas hədəf kimi Türkiyənin Şərqi Anadolu hissəsində terror törətmək və “Böyük Ermənistan” qurmaq planı yer alırdı. Təşkilatın üzvləri Osmanlı ərazisində bir çox silahlı iğtişaşlar törətməklə yanaşı, Qafqazda da çox aktiv idilər. Bunun bir səbəbi də “Hnçak” təşkilatını əksər üzvlərinin məhz Qafqaz erməniləri olması idi.

“Hnçak” Osmanlı dönəmində Türkiyənin Diyarbəkir, Siirt, İstanbul, Kayseri və digər bir neçə bölgəsində üsyanlar törətmişdi. Misal kimi Sason üsyanını göstərmək olar.

“Hnçak”ın ilk hədəfi 1903-cü ildə Qafqaz canişini knyaz Qolitsin olmuşdu. Lakin o, sui-qəsddən sağ qurtula bilir. Terror təşkilatı daha sonra, 1904-cü ildə Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə əməkdaşlıq edir. I Dünya müharibəsindən sonra təşkilatın üzvləri əsasən ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərməyə başlayırlar. Məsələn, 1970-80-cı illərdə Livandakı vətəndaş müharibəsində Hnçak üzvləri çox aktiv iştirak ediblər.



Dağlıq Qarabağda müharibə başlayan kimi təşkilatın “Metsn Murad” adlı silahlı qanadı aktiv hərbi əməliyyatlara qoşularaq, Azərbaycan ordusuna qarşı savaşır.

Hazırda terror təşkilatının Ermənistandan başqa, Livan, Suriya, Misir, Küveyt, ABŞ, Fransa, Argentina, Uruqvay və Britaniyada nümayəndəlikləri fəaliyyət göstərməkdədir.

“Hnçak”-ASALA əlaqəsi

Dünyanın müxtəlif ölkələrində türklərə qarşı terror aktları törətmiş 3 ən böyük erməni təşkilatlarından biri məhz “Hnçak”dır. Təxminən 1960-cı illərdən sonar “Hnçak” terror təşkilatının üzvləri daha çox ASALA adı altında işlər görməyə başladılar. ASALA-nın tarixini araşdıran tarixçilər hesab edirlər ki, “Hnçak” müəyyən tarixi dövrdən sonra ASALA-ya transformasiya olunub. Livandakı fəaliyyəti, yeni şərtlər “Hnçak”ı dünyaya yeni bir erməni terror təşkilatı kimi, amma ASALA adı altında tanıtdı.

ASALA-nın Mərkəzi Komitəsi, baş idarəsi Livanda yerləşdir. Təqribən 1980-ci ildən etibarən komitə Livanda önəmli yerə sahibdir. Mərkəzi Komitəyə bağlı siyasi, maliyyə, təbliğat və media, kəşfiyyat, hərbi komitələr mövcuddur. Hərbi komitə, guman olunur ki, terror işlərinə əsas cavabdeh orqanıdır.

1981-ci ildə bir çox terror hadisələri törədən ASALA qısa vaxtdan sonra İsveçrə və Fransa kimi ölkələri də təhdid etməyə başladı. Bunu görən digər erməni terror təşkilatları ASALA-ya qoşulduqlarını elan etdilər. Misal kimi Fransadan “Yeni Erməni Mübarizə Təşkilatı”, Kanadadan “Azad Hay” və İngiltərədən “Gaitzer” erməni təşkilatlarının adını çəkə bilərik.

Qeyd edək ki, ASALA-nın da ABŞ, Yunanıstan, Kipr (yunan hissəsi), Suriya, Kanada kimi ölkələrdə mərkəzləri, Livanın Anyar qəsəbəsində hərbi qərargahı yerləşir. Həmin qəsəbədə ASALA döyüşçüləri silahlı təlim keçirlər. Kiprin yunan hissəsində təxminən 60 nəfər ASALA üzvünün olduğu və Eyanap bölgəsində döyüş düşərgəsində təlim keçdikləri bilinməkdədir.

1993-cü ilin iyun ayında PKK, Hnçak və ASALA Livanın paytaxtı Beyrut şəhərində toplaşırlar. Həmin görüşdə PKK təşkilatının bir nömrəli siması Abdulla Öcalan da iştirak etmişdi.

Fərrux Həsənov
AzVision.az üçün


Teqlər: Hnçak   Erməni-terroru  





Xəbər lenti