Müəlliməsi prezident haqqında : “İlham uşaqlıqdan xeyirxah idi”

Müəlliməsi prezident haqqında : “İlham uşaqlıqdan xeyirxah idi”
  05 Oktyabr 2013    Oxunub:1311
Ötən əsrin 70-ci illərində Bakıdakı 6 saylı orta məktəbdə hazırkı dövlət başçısı İlham Əliyevə dərs demiş Emma Kazımova mediaforum saytına müsahibə verib.

- O vaxt İlham məktəbə gələndə direktor yəhudi əsilli xanım Lidiya Şernikova idi. İki il sonra onu başqa vəzifəyə göndərdilər. Sonra Sahibə Quliyevə direktor oldu. Məşhur rejissor Rza Təhmasibin qızı idi.

İlhamla bir sinfi bitirənlər də indi çox böyük mənsəb sahibidirlər. Prezident Administrasiyasında Fuad Cəfərov, general Emin Şəkinski, daha sonra Fərid Quliyev, Fərid Cəfərov onunla bir sinifdə oxuyurdu. O vaxt sinifdə güclü kontingent vardı. Uşaqlar bir-birinə baxıb daha səylə çalışırdılar, böyük rəqabət yaranırdı. İndi də uşaqlar yaxşıdır, xaricə təhsil almağa gedənlər günü-gündən artır. Amma əksər halda bu, valideyn hesabına olur. Əvvəlki uşaqlar isə belə deyildi.

Bizə qalsaydı, hər dəfə İlhama əla qiymətlər yazardıq. Çünki doğrudan əla oxuyurdu. Mən ona 4 yaza bilmirdim, oxuyurdu axı. Fizika müəllimi Nikolay Şişkin vardı. Deyirdi şagird kitabı öyrənib gəlməsin, mənim yanımda nasaz ütünü, zəngi açıb düzəltsin, qiymət verim. İlhama da 4 yazdı, dedi o, fizikanı 5-ə bilmir. Attestata da qiymət belə getdi. Ona görə də İlham qızıl medal ala bilmədi. O vaxt Heydər Əliyev bu məsələyə qarşı çıxmadı. Heydər Əliyev deyib ki, düzəliş lazım deyil, bu qiyməti alıb. İndi valideynlər tamam başqa cür hərəkət edir, müəllim tuturlar. Amma o vaxt valideynlər, o cümlədən İlham Əliyevin valideynləri – Heydər Əliyev və Zərifə xanım deyirdi hamı necə, bizim uşaq da elə. Bütün mənada baxışları belə idi.

O vaxt cavan idim, məndən çəkinirdilər. İndi görəndə öpüb qucaqlayırlar. Deyirlər Emma müəllimə, biz sizi çox sevirdik, amma o qədər sərt idiniz ki, sizə sevgimizi etiraf edə bilmədik. Həqiqətən belə idi. Biologiya fənnindən dərs deyirdim. Məndən əla qiymət almaq uşaqlar üçün müşkül bir işə çevrilmişdi.

Bir dəfə İlhamdan dərsini soruşdum, xoşuma gəldi, 5 verdim. İki gün keçdi, təkrar soruşdum, gördüm dərsi danışa bilmir. Dedim, aha, sən arxayın olmusan ki, müəllimə keçən dəfə dərsi soruşub, bu dəfə mənimlə işi olmaz. Gedib atasına demişdi ki, mən bu gün biologiyadan yaxşı cavab verməmişəm. Atası göndərmişdi ki, get, müəlliməndən əvvəlcə üzr istə, sonra nə lazımdır soruş və əməl et. Heydər Əliyev ona demişdi ki, sən axı belə olmamalısan, bizim evdə nə qədər dərslik, ensiklopediya var, niyə bu vəsaitlərlə maraqlanmamısan? Bir də gördüm İlham gəlib ki, Emma Həsənovna, mənə tapşırıq verin, yerinə yetirim, sizdən üzr istəyirəm, o gün hazırlıqlı deyildim. Dedim, İlham, sən 5 alan şagirdsən, eybi yox, bir günə görə narahat olma.

- Hansı fənni daha yaxşı mənimsəyirdi?

- Biologiyaya həmişə ciddi hazırlaşırdı. Axı, anası Zərifə xanım həkim idi. O istəyirdi ki, İlham həkim olsun. Zərifə xanım məktəbə tez-tez gəlirdi, mənimlə görüşəndə tapşırırdı ki, Emma müəllimə, İlhamdan dərsi tez-tez soruşun, biz istəyirik o, həkim olsun. Mən də hər gün İlhamı qaldırırdım ayağa, dərsi danışırdı. Anası deyirdi mənə heç nə lazım deyil, oğlum həkim olacaq, ona laboratoriyada hər işi tapşırın, qoy öyrənsin.

Sonralar görünür, evdə qərar dəyişdi, yəqin atasının da təsiri oldu və İlham Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna getdi. Amma anası çox istəyirdi oğlu həkim olsun. Rəhmətlik Zərifə xanım həmişə məktəbə gəlirdi, valideyn iclaslarında iştirak edirdi. Oğlunu dərsdən aparmağa gələndə də dayanıb gözləyirdi. Onu dəfələrlə otağa dəvət edirdik, deyirdik gəlin əyləşin, ayaq üstə gözləməyin, amma heç vaxt otağa keçmirdi, deyirdi narahat olmayın, İlham çıxsın gedirik. İlham bir az gec gələndə də Zərifə xanımdan heç bir narazılıq eşitməzdik. Bütün bunlar isə, təbii ki, ailə mədəniyyətindən, böyük mənəviyyatdan, sadəlikdən qaynaqlanırdı.

Mənə deyirdilər, əlbəttə, atası o cür vəzifədədir, ona 5 yazmayıb da nə edəcəksiniz. Amma qətiyyən belə deyildi. Heydər Əliyev bir dəfə də olsun bununla bağlı hansısa müəllimə bir söz deməyib və ya kiminləsə xəbər göndərməyib. İlham məktəbi bitirəndə Heydər Əliyev buraxılış gecəsinə bütün ailə üzvləri ilə gəldi. Həmin gün uşaqlar sinifdə müzakirə edirdilər, bayramlarına kimlər qatılacaq. İlham da dedi, mənim atam gələcək. Hamı təəccübləndi, inanmadı, atanın o qədər işi var, vaxtı hardan? Digər tərəfdən də dedilər, nə olsun, övladı məktəbi bitirir, niyə gəlməsin ki. Və Heydər Əliyev gecəyə gəldi, daha yaxşı bayram əhval-ruhiyyəsi yarandı. Hamı dedi, afərin bu ataya, vaxt tapdı gəldi, hamımızı da təbrik etdi. Həmin gün o cür sakit uşaq nə qədər oynadı. İndi də xatırlayıram: bütün məktəb illərində özünü ciddi aparan, bir dəfə olsun bir qızın əlindən belə tutmayan şagird buraxılış günü necə də şən idi...

Atası gecəyə qədər qaldı. Elə bil hər gün məktəbdə olub, hər kəsi tanıyırmış kimi davranırdı. Məəttəl qaldıq ona, bizə elə gəldi ki, o elə aramızda olub, bizi öz iş yoldaşımız kimi tanıyır.

Bütün müəllimlərlə görüşdü. Hər birinə nəzakətlə, sevinə-sevinə minnətdarlığını bildirdi. Birdən sinif rəhbəri Azərbaycan dili müəlliməsini təqdim edəndə Heydər Əliyev ciddi görkəmlə dedi: “Məxmurə Axmedovna, mən sizdən narazıyam”. O da duruxdu: “Niyə?” soruşdu. Dedi siz mənim oğluma öz ana dilini yaxşı öyrətmədiniz. Müəllimə çox pis vəziyyətə düşdü. Çox keçmədi məktəbi tərk etdi, yaşlı idi. O vaxt Azərbaycan dili fakültativ dərs idi, kim istəyirdi dərsə girir, kim istəyirdi girmirdi. Amma indi rus bölməsində də Azərbaycan dilinə xüsusi önəm verilir, məcburi şəkildə yüksək səviyyədə tədris edilir.

Heydər Əliyev 2001-ci ildə yenidən bizim məktəbə gələndə elə ana dili tədrisi problemi gündəmə gətirilmişdi. Biz o mövzuya bir də qayıtdıq. Dedi, Emma xanım, yadınızdadır, İlham Azərbaycan dilini çox da yaxşı bilmirdi, indi görürsünüz necə danışır.

- Yəqin hamı bilirdi atası məsul vəzifədə işləyir, o, kimin oğludur...

- İndiki uşaqlar göz açandan atalarının işi, vəzifəsi, pulu, malikanəsi, avtomobili ilə fərəhlənirlər. O vaxt uşaqlar arasında belə söhbətlər getmirdi. İlham dərsə elə gəlib-gedirdi ki, heç kəsin diqqətini çəkmirdi. Sürücü onu məktəbin hasarı yanında düşürürdü, çıxıb gedirdi. Hərdən məktəbin həyətində müəllimləri görəndə uşağın vəziyyəti, dərsə hazırlığı ilə maraqlanırdı. Sürücüsü sıravi adam deyildi, tarix elmləri namizədi idi.

Onların hər işindən xəbərimiz olurdu. Heç vaxt o sinifdən hansısa pis hərəkət gözləməzdik. Amma bir dəfə dərsdən qaçmışdılar. Gedib Funikulyorda oturublar, o da işləməyib, heç yerə gedə bilməyiblər. Sonra uşaqları tapıb dərsə gətirdilər. Amma daha belə hallar olmadı. Bəzən İlham atasının ezamiyyətinə görə Moskvaya yollanırdı, onda da icazəli şəkildə gedirdi.

O vaxt uşaqların bəzisi məktəbin gizlin yerlərində siqaret çəkərdi. Amma İlhamı bir dəfə belə işlərin başında görən olmadı. Bir neçə il əvvəl prezidentlə yaxın ünsiyyətdə olan bir deputatla görüşəndə bu haqda söhbət açıldı. Dedim mən neçə ildə İlhamı papiros çəkən görmədim. Deputat dedi, o heç indi də siqaret çəkmir.

İlham uşaqlıqdan çox xeyirxah idi. Onu bir dəfə olsun kiməsə acıqlı, sərt davranan görmədik. Həmişə uşaqları nəzakətlə dindirirdi. Sinifdə bir oğlanın dili qüsurlu idi, ona həmişə qayğı ilə yanaşırdı, şəkil çəkdirəndə belə qoluna girirdi. Bir çox belə məqamın şahidi olmuşuq.

- Qızlara münasibəti necə idi?

- Yaxşı idi. Amma İlhamın qızlardan kiməsə xüsusi bir isti münasibəti yox idi. İndi gözəl həyat yoldaşı var – Mehriban xanım. Məndən soruşurlar onları bir-birinə yaraşdırırsanmı? Deyirəm dünyada bir yaraşan cütlük varsa onlardır.

- İllər keçib, indi şagirdiniz ölkə rəhbəri, prezidentdir...

- Onunla fəxr edirəm. Mənə oğlum qədər doğmadır. Ona görə yox ki, indi prezidentdir. Mənim çox şagirdim yüksək mənsəb sahibidir. İlham illər uzunu mənə ailəsi, tərbiyəsi, mədəniyyəti, sadəliyi ilə doğmalaşıb. Onlar haqqında çox isti xatirələrim var.

İlham Əliyev prezident olandan sonra bizim məktəbə gəlmişdi. Çox həyəcanlı idim, özümü tamam itirmişdim. Bir neçə dəfə uzaqdan gördüm, hətta uşaqcasına həyəcandan çığırmaq istədim ki, qoy məni tez görsün. Uzun illərdən sonra məktəbdə görüşdük, yenə müəllimə kimi əllərindən tutdum. Hamı deyir, bir az hərəkətlərinə fikir ver, axı o daha uşaq deyil. Mənim üçün uşaqdır. Mən ona möhtərəm, ya cənab deyə müraciət edə bilmərəm. Məktəbdə 20 dəqiqə söhbət etdik, qucaqlaşdıq, ayrıldıq. Bu sevinci yaşamaq lazım idi axı, yaşadım.

Bizim məktəbdən çox şagird çıxıb, onun kimisi olmayıb amma. Əlbəttə, oxuyanda heç kəs deyə bilməzdi ki, bu şagird mütləq prezident olacaq. Sadəcə savadlı, ağıllı, tərbiyəli idi, neçə xarici dil bilirdi, bundan danışırdıq. Biz onların ailəsinə həsəd aparırdıq. Bilirsiniz, çox nadir ailələrdə belə tərbiyə, sadəlik olur. Çox az uşağa bu cür ailədə böyümək nəsib olur. Yaxşı insan, yaxşı valideyn idilər.

- Şagirdiniz 10 ildir ölkəyə rəhbərlik edir, bəyənirsinizmi onun fəaliyyətini?

- O, hər şeyə çox diqqətlə yanaşır. Ölkədə bütün məktəblər ən müasir səviyyədə təmir edilir, avadanlıqla təmin olunur. İlham gəncdir, ətrafına da gəncləri toplayır. O, qarşısına qoyduğu məqsədə çatacaq. Bu gün gördüyü işlər böyükdür və bunlar davamlı olacaq. Düzdür, görüləsi iş də çoxdur, amma vaxt keçdikcə hər şey yoluna düşəcək. Kaş onun bu uğurunu ata-anası da görəydi.

- İndi kifayət qədər qayğı göstərilirmi sizə?

- Olduğum evi 4 il əvvəl mənə bağışlayıblar. Oğlumla bir yerdə Hüsü Hacıyev küçəsindəki evimdə yaşayırdım. Bir qədər darısqallıq yaranmışdı. Bir dəfə bir yerdə dedim ki, bir otaq olsaydı, ayrılardım. Az keçmədi mənə ev bağışlandı. Sonra mənə prezident təqaüdü kəsildi. Bundan da xəbərim olmayıb. Daha mənə nə lazımdır ki? Mən bir dəfə də olsun məktəbdən şəxsi mənafeyim üçün istifadə etməmişəm. Hər şey yoldaşımın hesabına olub. Həyat yoldaşım metro inşaatçısı idi. Bakıda əksər metro stansiyasını o tikib.

56 il o məktəbdə işlədim. Uzun və şərəfli müəllim ömrü yaşadım. Sonra təmirə dayandı, mən də təqaüdə çıxdım. Prezidentdən soruşdular ki, niyə öz məktəbinin təmir olunmasını bu qədər yubatdın? Dedi gərək əvvəlcə başqalarının məktəbini təmir etdirim, sonra öz məktəbimə keçim. O ailədən çox uşaqlar bizim məktəbdə oxuyub. Axırıncı illərdə İlhamın bibisi qızı Fəxriyyə Xələfovanın oğlunun sinif rəhbəri olmuşam.(mediaforum)


Teqlər:  





Xəbər lenti