Xoşbəxt Yusifzadəyə 10 min pul və qızıl medal verildi

  05 Aprel 2018    Oxunub : 1160
Xoşbəxt Yusifzadəyə 10 min pul və qızıl medal verildi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında “Nizami Gəncəvi adına Qızıl medal” müsabiqəsinin nəticələri açıqlanıb.
Akademiyadan AzVision.az-a verilən xəbərə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsabiqədə iştirak etmək üçün namizədliyi irəli sürülmüş alimlər haqqında təqdimatların müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunduğunu və Qızıl medala layiq görülən namizədlərin seçilərək onlar haqqında rəylərin Rəyasət Heyətinə təqdim edildiyini bildirib.

Müsabiqənin nəticələrinə görə neft və qaz kondensant yataqlarının kəşfi və işlənilməsi sahəsində elmi konsepsiyanın hazırlanmasına görə akademik Xoşbəxt Yusifzadə və qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüblər.

Rəyasət Heyəti adları çəkilən alimlərin medalla təltif olunması və hər birinə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul edib.

Eyni zamanda AMEA-nın görkəmli elm adamlarının adlarını daşıyan mükafatlarına layiq görülmüş alimlərin adları məlum olub. Müxtəlif kristal quruluşu olan və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində silsilə elmi-tədqiqat işlərinə görə akademik Bahadur Tağıyev AMEA-nın Nəsirəddin Tusi adına, biomüxtəliflik üzrə müasir elm sahələrində uzunmüddətli silsilə tədqiqatlarla əldə etdiyi mühüm elmi nailiyyətlərə və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi adına, Azərbaycan incəsənətində böyük xidmətlərinə görə xalq rəssamı Tahir Salahov AMEA-nın akademik Üzeyir Hacıbəyli adına, üzvi sintez reaksiyalarında və molekulların dizaynında qeyri-kovalent rabitələrin və “spider effect” rolu sahəsində apardığı fundamental tədqiqatlara görə akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev adına, Azərbaycanda palçıq vulkanizmi sahəsində fundamental tədqiqatların inkişafına verdiyi mühüm töhfələrə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyev AMEA-nın akademik Musa Əliyev adına, Azərbaycan qədim dövr tarixinin tədqiqi və təbliğində xidmətlərinə görə akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüblər.

Qeyd edək ki, qaliblərin hər birinə beş min manat məbləğində pul mükafatı veriləcək.

AzVision.az

Teqlər: AMEA   Alim