Mətbuat Şurası DİN-ə müraciət ünvanlayıb

Mətbuat Şurası DİN-ə müraciət ünvanlayıb
  06 Oktyabr 2013    Oxunub:1155
Azərbaycan Mətbuat Şurası Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin oktyabrın 4-də Sabirabadda seçicilərlə keçirdiyi görüşü işıqlandıran bir qrup jurnalistin təzyiqə məruz qaldığına dair iddiaların araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.
AzVsison.az xəbər verir ki, müraciətdə təzyiqlə üzləşdiyi iddia edilən KİV təmsilçilərinin Azadlıq Radiosunun bölgə müxbiri Tural Mustafayev, "Azadlıq" qəzetinin əməkdaşları Sevinc Vaqifqızı və Ramin Deko, o cümlədən "Turan" İnformasiya Agentliyinin müxbiri Etimad Budaqov və "Yeni Müsavat" qəzetinin müxbiri Röya Rəfiyeva olduğu nəzərə çatdırılır.

Məktubda eyni zamanda bildirilir ki, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hər hansı maneçiliyin törədilməsinə dair informasiyaların yayılması məsələyə həssas yanaşılmasını zəruriləşdirir.

Prezident seçkisi kimi önəmli prosesə çox qısa vaxtın qaldığı, dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir şəraitdə isə həssaslıq daha da artır. Baş vermiş hər hansı olay ölkədəki söz və mətbuat azadlıqları kontekstində dəyərləndirilir: "Bütün bunlara görə Sizdən məsələni şəxsən diqqət mərkəzində saxlamağı xahiş edirik. Əminik ki, jurnalistlərin Sabirabadda təzyiqə məruz qaldığını nəzərdə tutan iddiaların nə dərəcədə əsaslı olub-olmadığı ətraflı araşdırılacaq, məsələ barədə qanuni ölçü tədbiri götürüləcək və ictimaiyyətə müvafiq məlumat veriləcək".


Teqlər:





Xəbər lenti