“Armeniareport”: Siyasi elita yalan təbliğat aparır

“Armeniareport”: Siyasi elita yalan təbliğat aparır
  09 Aprel 2018    Oxunub:1239
Rusiya rəsmi Yerevanın yeganə müttəfiqi kimi qələmə verilsə də, bu, əslində belə deyil. Ermənistanın "strateji müttəfiqi” hesab olunan Moskva Azərbaycanla da hərbi əməkdaşlığı davam etdirir.
Bu fikirlər Ermənistanın “Armeniareport” saytında yer alıb. Ermənistanın sabiq müdafiə naziri Vaqharşaq Harutyunyanın Rusiya ilə bağlı açıqlamasını şərh edən sayt yazır ki, keçmiş nazir kimi, erməni siyasi elitasının böyük əksəriyyəti Rusiya ilə bağlı yalan təbliğat apararaq erməni ictimaiyyətini aldatmağa çalışır.

Müəllif qeyd edir ki, Rusiya bu gün Azərbaycan və Türkiyə ilə diplomatik, hərbi sahələrdə əməkdaşlığı inkişaf etdirir. Bununla yanaşı, Türkiyə, Gürcüstan və Pakistan Azərbaycanın strateji müttəfiqləridir. Türkiyə Dağlıq Qarabağ münaqişəsi səbəbindən 25 ildir ki, Ermənistanı iqtisadi blokadada saxlayır. Dörd günlük aprel müharibəsini xatırladan erməni jurnalisti yazır ki, hərbi əməliyyatlar Rusiya istehsalı olan silahlarla həyata keçirildi və Ermənistan məğlubiyyətə uğradı.

Saytda Azərbaycanın regiondakı digər bir müttəfiqindən də bəhs edilir. Qeyd olunur ki, Gürcüstan Azərbaycanla hərbi sazişlər imzalayıb, eləcə də rəsmi Tbilisi Bakının Dağlıq Qarabağ siyasətini dəstəkləyir. Müəllif Azərbaycan-Pakistan münasibətlərinə də toxunaraq vurğulayır ki, Pakistan müttəfiqlik siyasətinə sadiq qalaraq, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb.

Vaqharşaq Harutyunyanı boşboğaz və yalançı adlandıran müəllif Azərbaycan ordusunun öz arsenalını İsrail və Rusiya hərbi texnikası ilə doldurduğunu söyləyir. Bütün bu faktların fonunda qeyd olunur ki, siyasi mənzərə Ermənistanın regionda təkləndiyini göstərir.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti