“Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib” – Almaniya telekanalı

“Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirib” – Almaniya telekanalı
  09 Aprel 2018    Oxunub:2229
Almaniyanın “ZDF” televiziya kanalında jurnalist Wolfgang Zimmerman tərəfindən “Yoxsulluq və korrupsiya. Ermənistan gələcəyini itirmişdir” başlıqlı reportaj verilib.
Reportajda “İrəvan Universitetinin 33 yaşlı alman dili müəlliməsi Astghik Tarloyanın çətin maddi vəziyyəti, müəllimliklə yanaşı tərcüməçilik fəaliyyəti ilə məşğul olması, onun dostlarının və tələbələrinin Almaniyaya köçməsi, hətta özünün də Almaniyaya köçmək məsələsini artıq nəzərdən keçirməsi” qeyd olunur.

Reportajda “aparılmış araşdırma nəticəsində Ermənistanda gənclərin üçdə ikisinin ölkəni tərk etmək haqqında düşündüyü, həmçinin onların ölkədə mövcud olan siyasi, sosial və iqtisadi vəziyyətdən məyus olmaları” qeyd olunur. Rəsmi məlumatlarda ölkə əhalisinin 30 faizinin yoxsul olduğu göstərilsə də, real vəziyyətin daha da acınacaqlı olduğu ehtimal edilir.

Reportajda “Transparency International”ın korrupsiya indeksinə əsasən Ermənistanın Efiopiya, Makedoniya və Vyetnam ilə yanaşı 107-ci yeri tutduğu bildirilir. “İqtisadiyyatın oliqarxların əlində cəmləşməsi, hakim dairələrlə qohumluq və ya dostluq münasibətlərinə malik olmayanların sahibkarlıq sahəsindəki fəaliyyətinin perspektivinin yoxluğu və ədliyyə sisteminin hakimiyyətdən tam asılılığının investorlar üçün öldürücü olması” vurğulanır. Seçkilərdə seçici səslərinin saxtalaşdırılması, vəfat etmiş şəxslərin seçicilər siyahısına salınması qeyd olunur.
Reportajda “ölkədə hakimiyyət özbaşınalığı və perspektivin olmaması səbəbilə gənclərin qruplar halında əsasən Rusiya istiqamətində miqrasiya etmələri (hökumətin verdiyi məlumatlar əsasən hər il 30-40 min nəfər) və Sovet İttifaqının süqutundan sonra Ermənistanın 16-30 yaş arasındakı vətəndaşlarının bir milyonundan çoxunu və bununla da öz gələcəyini itirdiyi” qeyd olunur:

“Ermənistan hökuməti əhalinin, xüsusilə gənclərin ölkəni birdəfəlik tərk edərək digər ölkələrə üz tutmasından heç bir narahatçılıq keçirmir, əksinə, miqrasiya edən gənclərlə narazı elektoratın və gələcək potensial inqilabçı-gənclərin sayının azalmasına və bu yolla hakimiyyətdə qalmaqda davam etməyə ümid edir”.

Yuxarıda göstərilən fikirlərin davamı olaraq, 26 yaşlı Karine Mxıtaryan adlı IT mütəxəssisinin də Çexiyada iş tapması və tezliklə Ermənistanı tərk edəcəyi qeyd olunur. K. Mxıtaryana istinadən, “Ermənistanda bütün sahələrdə savadlı gənclərin çatışmazlığı və gənclərin xaricdə daha yaxşı iş imkanlarına ümid edərək ölkəni tərk etmələri” vurğulanır.

Reportajın sonunda qısaca olaraq Ermənistan Respublikasının qonşularla münasibətlərinə və xarici siyasətinə ekskursiya edilir, həmçinin onun xarici siyasəti və qonşularla münasibətləri təhlil olunur. Burada Dağlıq Qarabağ münaqişəsinin Ermənistan xarici siyasətinin əsas problemi olduğu bildirilir. Ardınca, münaqişənin əsl mahiyyəti təhrif olunaraq “Dağlıq Qarabağın bir zamanlar Stalinin dekreti əsasında Ermənistandan qoparılaraq zorla Azərbaycana birləşdirildiyi” yazılır. Bu fikirlərin davamı olaraq, “erməni xalqının 20-ci yüzillikdə genosid qurbanı olmuş ilk xalq olduğu” vurğulanır və 2016-cı ildə “genosid”in alman parlamenti (Bundestag) tərəfindən rəsmən tanındığı bildirilir.

Daha sonra Ermənistanın Rusiya ilə Avropa İttifaqı arasında seçim etmək dilemması qarşısında qalması, 2013-cü ildə Avropa İttifaqı ilə Assosiasiya və Azad Ticarət Müqaviləsinin imzalanmasından az öncə bu sazişdən imtina edərək, Rusiyanın təzyiqi ilə Avrasiya İqtisadi İttifaqına qoşulması bildirilir:

“Çətin dilemmadan çıxmaq ümidi ilə Ermənistan bütün böyük siyasi güclər arasında manevr etməkdə davam edir. O, bir tərəfdən yenidən Avropa ilə yaxınlaşmağa cəhd edərək yeni tərəfdaşlıq sazişi haqda danışıqlar aparır, digər tərəfdən Moskva ilə strateji tərəfdaşlığı davam etdirir, NATO ilə isə yaxşı münasibətlər saxlayır. Ermənistan rəhbərliyi bununla çətin vəziyyətdən çıxış yolu tapdığına ümid edir”.

AzVision.az



Teqlər: Almaniya   Ermənistan  





Xəbər lenti