7121 şagird buraxılış imtahanı verəcək

7121 şagird buraxılış imtahanı verəcək
  12 Aprel 2018    Oxunub:1582
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 15-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.
DİM-dən AzVision.az–a verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Bu imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanlar bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır.

İmtahanda 7121 (Bakıda 2017, Naxçıvanda 452, Gəncədə 856, Sumqayıtda 356, Yevlaxda 21, Şəkidə 422, Bərdə şəhərində 727, Göyçay şəhərində 384, Şirvan şəhərində 653, Lənkəran şəhərində 795, Xaçmazda 438) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 49 imtahan rəhbəri, 599 nəzarətçi-müəllim ayrılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   imtahan  





Xəbər lenti