Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı
  14 Aprel 2018    Oxunub:1791
Bakı və Naxçıvan şəhərlərində keçirilən, rezidenturaya qəbulun baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az-a verilən məlumata görə, imtahanda iştirak üçün ərizə vermiş 1.092 namizəddən 17-si imtahana gəlməyib, bir namizəd isə imtahan qaydalarını pozduğu üçün xaric olunub. İmtahanda 605 namizəd (ATU-nun hərbi tibb fakültəsinə sənəd verənlər istisna olmaqla) müsabiqə şərtini ödəyib (40 və daha çox bal toplayıb) və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak hüququ qazanıb. Ən yüksək nəticə (toplanılması mümkün olan 100 baldan) müalicə işi, pediatriya istiqaməti üzrə 84, stomatologiya istiqaməti üzrə 73, tibbi profilaktika istiqaməti üzrə isə 75 bal olub.

Namizədlərə baza fənləri – insan anatomiyası, histologiya, insan fiziologiyası, patologiya (patoloji anatomiya, patoloji fiziologiya), mikrobiologiya, farmakologiya və biokimya – üzrə 100 test tapşırığı təqdim olunub. İmtahanda istifadə edilən 100 test tapşırığından 10-u (insan fiziologiyası fənni və patologiya bloku üzrə) açıq formalı (hər blok üzrə ayrılıqda ikisi uyğunluğun müəyyənləşməsini tələb edən, üçü isə seçim tipli) olub. Namizədin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilib. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyib.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) Bakı və Naxçıvan şəhərlərində iyulun 8-də keçiriləcək. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak üçün namizədlər iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər.

Daha ətraflı məlumatı DİM-in rəsmi internet səhifəsində əldə etmək olar.

AzVision.az


Teqlər: DİM   İmtahan   Rezidentura  





Xəbər lenti