Sarkisyan etirazçılara cavab verdi: “Mən nə edə bilərəm?...”
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Serj Sarkisyan “Şant” telekanalına müsahibəsində “Mənim addımım” təşəbbüs qrupunun İrəvanda davam edən aksiyalarına münasibət bildirərkən deyib.
Sarkisyanın sözlərinə görə, etirazçıların məqsədləri ona az da olsa aydındır: “Onlar Milli Məclisdə baş nazirin seçildiyi iclasa mane olmaq istəyirdilər. Lakin iclas baş tutdu. Bəs indi onlar nə istəyirlər? Binaya gəlib idarə etmək? Ehtimal edək ki, onlar bunu hər hansı bir an edə bildilər. Kim onları tanıyacaq? Onlar qanuni, legitim hakimiyyət olacaqlar? Serj Sarkisyan qeyri-legitim, xalqı qıcıqlandıran, onlar isə xalqı sakitləşdirən legitim hakimiyyət olacaq?”.
Baş nazir vurğulayıb ki, insanların addımlarında məntiq olmayanda hadisələrin necə cərəyan edəcəyini anlamaq olduqca çətindir: “Çox təəssüflər, biz bir dəfə bu ağrılı yolu keçmişik. Əgər onlar bu yolu ikinci dəfə getmək istəyirlərsə, mən nə edə bilərəm?”.
Sarkisyan vurğulayıb ki, Ermənistan hüquq-mühafizə orqanları bu təcrübəyə malikdir və ötən hadisələrin yenidən təkrarlanmaması üçün hər şey ediləcək.
Ermənistanın yeni baş nazirinin fikrincə, etiraz aksiyalarının böyük əksəriyyəti maraqlı olduğu üçün küçələrə çıxıblar: “Onlar bizim ümumiyyətlə problemlərimizin olmadığı vətəndaşlarımızdır. Böyük ehtimalla, yerdə qalan onlarla adamlarla da bizim problemimiz yoxdur – onların bizimlə problemi var. Lakin bu problemləri digərlərinin üzərinə atmaq yaxşı deyil. Bu heç bir halda ölkənin inkişafının xeyrinə deyil”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Etirazlar