ABŞ səfiri Sarkisyanı təriflədi: "O, çətin qərar qəbul etdi"

ABŞ səfiri Sarkisyanı təriflədi: "O, çətin qərar qəbul etdi"
  24 Aprel 2018    Oxunub:1940
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils İrəvanda sabiq prezident Serj Sarkisyana qarşı aksiyaların dinc gedişindən məmnunluğunu ifadə edib və bütün zorakılıq hallarının araşdırılmasına dair çağırış edib.

AzVision.az xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında ABŞ səfiri özü bildirib.
O, həmçinin qeyd edib ki, etirazçılar və jurnalistlərə qarşı güc tətbiqinə dair məlumatlar var: “Bu cür hallara dair araşdırmaların aparılmasına, günahkarların isə qanun çərçivəsində cəzalandırılmasına ehtiyac var”.

Səfir eyni zamanda, Serj Sarkisyanı tərifləyib: “Onun böyük liderliyini də vurğulamaq istəyirəm. O, çətin qərar qəbul etdi. Biz baş nazir səlahiyyətlərini icra edən Karapetyan və gələcək hökumətlə işləməyə hazırıq. Erməni xalqının bütün qərarları dinc atmosferdə verməsi olduqca önəmlidir”.

Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. Aprelin 13-dən başlayaraq İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan cəmi 6 gün ölkənin baş naziri ola bilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Sarkisyan   Ermənistan   ABŞ  





Xəbər lenti