DİM: Yaşlı namizədlərdən yalnız 2-si imtahandan keçib

DİM: Yaşlı namizədlərdən yalnız 2-si imtahandan keçib
  25 Aprel 2018    Oxunub:1445
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçirilən dövlət qulluğuna qəbul imtahanının statistik nəticələri açıqlanıb.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfəri kişi, 634 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır.

Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib.

İmtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20-24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib.
25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 18 fevral tarixində keçirilən imtahanda da eyni idi. Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib. Bu, 18 fevral tarixində keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir. İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti