“Seçkidən-seçkiyə maska taxanlar bu gün Asəfi suçlayırlar”

  08 Oktyabr 2013    Oxunub : 361
“Seçkidən-seçkiyə maska taxanlar bu gün Asəfi suçlayırlar”
“Onu ittiham edənlərin siyasi keçmişi qaranlıqdır”.
AzVision.az xəbər verir ki, bu sözləri AXCP Naxçıvan Təşkilatının sədr müavini postundan istefa edən Həsən Şıxəliyev deyib. Onun sözlərinə görə, artıq bu cür davam etmək mümkün olmayacaq və respublikada mövcud olan “iqtidar-müxalifət münasibətlərinə dəyişiklik gətirməyin zamanı yetişib:

“ Artıq bu cür düşmən münasibətləri ilə nəinki işləmək, hətta yaşamaq belə mümkün olmayacaq. Azərbaycanda artıq yeni bir müxalifət formalaşmalıdır. Mövcud müxalifət ölkəni uçuruma aparır. Bizim uzun illərdi ki, düşmənimiz var, bu torpaqlarımızı işğal etmiş Erməniştandır. Torpaqlarımızı qaytarmaq üçün siyasi birliyə nail olmalıyıq. Müxalifət müxtəlif dövlətlərdə müxtəlif qəbul olunur. Götürək qonşu Türkiyəni. Bir-birlərinin adını çəkəndə “sayın” sözünü işlədirlər. Bizdə isə ancaq təhqir və böhtanla dolu nəlayiq kəlmələrin səsləndiyinin şahidi oluruq. Bu baxımdan müxalifət öndədir. Demək olar ki, müxalifət öz platformasını iqtidarı təhqir etməkdə görür. Bu gün müxalifət hətta onlardan ayrılıb gedənlər haqqında çox xoşagəlməz kəlmələr işlədir. Mən istefa verəndə mənim haqqımda, daha sonra istefa vermiş Asəf Quliyev haqqında çoxlu sayda yazılar getdi ki, bu yazılar da həqarət və təhqirlərdən ibarət idi. Asəf Quliyev AXCP-nin demək olar ki, əsas simalarında biri idi, mən deyərdim ki, AXCP-nin onurğa sütunu idi. AXCP belə demək olarsa onun çiyinləri üstündə durmuşdu və düşünürəm ki, Asəf Quliyev AXCP-də olduğu dövr ərzində bu işin öhdəsindən çox şərəflə gəldi. Bu istefadan sonra hər cür çmura bulaşmış, bütün oyunlarda oynamış, ancaq öz ciblərinə işləyən, uzun illərdən bəri xalqı aldadanlar, seçkidən-seçkiyə maska taxanlar bu gün Asəf Quliyevi suçluyurlar. Onlara demək lazımdır bir özünüzə baxın, sonra kiminsə haqqında danışın. Düşünürəm ki, artıq bu qarayaxmalara son qoyub milli barışıq elan etməyin vaxtıdır”. Bunu AXCP-dən və Milli Şuranın namizədinin səlahiyyətli nümayəndəsi vəzifəsindən istefa edən Həsən Şıxəliyev deyib. Keçmiş cəbhəçi Asəf Quliyevi müdafiə edərək, ona şər böhtan atanları və təhqir edənlərin siyasi keçmişininin heç də ürək açan olmadığını vurğulayıb. Hətta deyib ki, AXCP-də uzun illər əmək verən Quliyev elə şəxslər tərəfindən təhqir edilir ki, həmin şəxslərin siyasi əqidəsi haqda birmənalı fikir söyləmək olmur. Daha sonra Şıxəliyev deyib ki, müxalifət-iqtidar düşmənçiliklə yox, yalnız qarşılıqlı hörmətlə siyasi mübarizə aparmalıdir: “Bu da ancaq yeni müxalifət formalaşdıqdan sonra mümkün ola bilər. Bu artıq zamanın tələbidir. Bu mövzuda çox danışmaq olar, düşünürəm ki, seçkidən sonra vaxtımız olacaq və biz bu mövzunu davam etdirəcəyik. Və biz hamılıqla yeni yaşam tərzinə nail olacağıq. Bu gün demək olmaz ki, müxalifətdən ancaq Naxçıvandan olanlar gedir. Düşünürəm ki, seçkilərdən sonra Azərbaycanın bütün rayonlarında çoxlu istefalar olacaqdır. Zənnimcə, müxalifət artıq AXCP-Müsavat partiyalarının monopoliyasından çıxmalıdır və demokratik mühit yaranmalıdır. Geyim və ya ərzaq məhsullarına monopoliyadan danışırıq, lakin daha təhlükəli və cəmiyyəti inkişafdan saxlayan siyasi monopoliyadan danışmırıq. Bu gün müxalifətin təsis etdikləri qəzetlərə diqqət yetirsək orada da monopoliyanın olduğunu görərik. Bu qəzetlər kimi istəyirlər söyürlər, kimi istəyirlər işdən azad edirlər, kimi istəyirlər qəhrəman elan edirlər. Bu qəzetlərdə təhqirlərin bütün növlərindən istifadə olunur. Arzu edirəm ki, müxalifət liderləri seçkidən sonra istefa verib, milli barışıq elan etsinlər”.

AzVision.az

Teqlər: