Siz kimin tərəfindəsiniz? - SORĞU

  08 Oktyabr 2013    Oxunub : 500
Siz kimin tərəfindəsiniz? - SORĞU
Suriyada hər gün onlarla adam ölür, minlərlə insan kimyəvi silahın qurbanı olub. Bu gün Suriyada davam edən vətəndaş müharibəsi bütövlükdə region üçün təhlükəli hesab olunur.

Suriya, həm ölkədaxili, həm də digər dövlətlərin bir-biriylə münaqişə meydanına çevrilib. Bəs görəsən, bu meydandan üzüağ çıxmaq üçün Bəşər Əsədi dəstəkləmək lazımdır, yoxsa ona qarşı çıxmaq?

AzVision.az bu suala cavab tapmaq üçün tanınmış politoloq Elman Nəsirov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev və bir neçə tanınmış jurnalistin məsələyə münasibətini öyrənib.

Bəşər Əsəd qala bilməyəcək...



Elman Nəsirov qeyd edib ki, Suriyada baş verən hadisələrin tam mahiyyətini bilmək çox qəliz məsələdir: “Məsələ ondadır ki, Suriyanın kimyəvi silaha malik olması bəllidir və Bəşər Əsəd də artıq onların ləğvi ilə bağlı beynəlxalq təzyiqlər qarşısında artıq öz razılığını bildirib. Və baş vermiş kimyəvi silahın tətbiqi ilə bağlı məsələdə də Bəşər Əsəd və onun ətrafı , xüsusilə də Rusiya, Çin və digər dövlətlər bildirirlər ki, bunu Əsəd tətbiq etməyib. Bunu qiyamçılar, Əsəd əleyhdarları tətbiq edib. Əsədin hakimiyyətini qəbul etməyən qüvvələr isə bunun əksini sübut etməyə çalışırdılar. Belə olan vəziyyətdə həqiqətin harada olduğunu demək çətindir. Amma, siyasətçi kimi məsələyə yanaşsaq, bu qənaətə gəlmək mümkündür ki, Bəşər Əsədin hakimiyyətdə qalmasını, onun bundan sonra dövləti idarə etməsini, ümumiyyətlə, onun legitimliyini xalq qəbul etmir”.

Politoloqun sözlərinə görə, Bəşər Əsəd kimyəvi silahların ləğvi ideyasını qəbul edib, bu istiqamətdə sonadək addımlar atsa da belə, yenə də beynəlxalq birlik, onun başında duran Birləşmiş Ştatlar və onun yaxın müttəfiqləri Əsədin hakimiyyətdə qalmasını qəbul etməyəcəklər”.

“İnsanlar öldürülür, hansı rəğbətdən söhbət gedə bilər?...



Hüquqşünas Əliməmməd Nuriyevinsə məsələyə münasibəti hüquqi tərəfdən diqqəti çəkir:

“Birincisi, Əsəd öz xalqına qarşı qətliam törədir, yəni bu vəziyyətin yaranmasında Əsədin birbaşa günahı var. Və sonrakı proseslərdə də birbaşa o günahkardır. Çünki, dövlətin başçısı kimi o məsuliyyət daşıyır. Müxtəlif siyasi maraqlar olsa da, Əsəd bu vəziyyətə gətirib çıxartmalıydı ki, dövlətə, hakimiyyətə qarşı silah qaldırılsın. İknci tərəfdən, orda törədilən qətliamların, insanların qırılması, bu zaman ağır texnikadan, təyyarələrdən istifadə edilməsi bu əlbəttə ki, bəşəriyyətə qarşıdır. Əks tərəfin də həmçinin, xüsusi amanlıqla davranması qəbuledilməzdir”.

Ə.Nuriyev kütləvi informasiya vasitələrində, `youtube`da dəhşətli mənzərələrin şahidi olduğunu dilə gətirir:
“Motivasiyadan asılı olmayaraq, belə qətllər törədənlər qatillərdir. Əsəd baş qatildir, öz xalqına qarşı qətliam törədir. Digər, tərəfdən isə qiyamçılar da eyni amansızlığı nümayiş etdirirlərsə, onlar da qatildirlər. Ona görə də, hər iki tərəf də heç bir rəğbətim yoxdur. Hər bir xalqın seçim imkanı olmalıdır, öz hakimiyyətini formalaşdırsın və ümumiyyətlə demokratik dəyərlərə və insan hüquqlarına sayğı göstərilməlidir. Çox təəssüf ki, Suriyada bu baş vermir, Suriyada kütləvi insan tələfatı baş verir. Suriyada hazırki vəziyyəti yaradanlar, başqa Əsəd olmaqla siyasi, iqtisadi, geosiyasi maraqların təmin olunmasına yönələn addım atanlar da, eyni məsuliyyəti daşıyırlar. Öz xalqına qarşı kimyəvi silahdan istifadə olunması məsələsinə gəlincə, belə vəhşiliklər heç orta əsrlərdə baş verməyib”.

“Bəşəri də, elə onun atasını da Qərb gətirmişdi...



Sorğuda iştirak edən jurnalistlərdən, publika.az saytının siyasət müxbiri Asif Nərimanlı, Əsədin seçki yolu ilə hakimiyyəti bir başqasına dövr etməsinin tərəfdarıdır:

Suriyada baş verənlər hər kəs bilir ki, Qərbin, konkret olaraq ABŞ-ın Yaxın Şərq planının bir hissəsidir. Ərəb ölkələrindəki inqilablar əslində sosial partlayışdan çox idarəolunan xaos nəzəriyyəsi ilə uzun illərdir hazırlanan bir layihə idi. Bu layihəyə görə, ölkələr daxildən iğtişaşlara sürüklənir və yaranmış xaos kənardan idarə olunur. Təbii ki, obyektiv səbəblər də var, amma bütün hallarda uduzan ərəblər, bu gün də Suriyadır. Axı vaxtilə Səddam Hüseyni gətirdikləri kimi, Mübarəki, Qəddafini və digər devrilən diktatorları, Bəşəri də, elə onun atasını da Qərb gətirmişdi. Onların müddətsiz hökmranlığı da Qərbin razılığı ilə aparılırdı. Sadəcə siyasi tarazlıq pozuldu və vəziyyət bu yerə çatdı. Hadisələrin Suriyada dirənəcəyi əvvəlcədən bəlli idi. Rusiya buna imkan verməyəcəkdi. Amma, hazırda bölgədə baş verənlərdən ABŞ da qazanmır. Ümumi fonda isə bu gün Suriyada baş verənlərdən silah və dərman alveri ilə məşğul olanlar qazanırlar ki, bunun da dolayısı yolla böyük dövlətlərə də bağlılığı var. Amma ən çox uduzan Suriya xalqıdır. Azərbaycan olaraq da ordakı türkmənlərin vəziyyətinə müdaxilə edilməli olduğunu düşünürəm. Ən azından onların gələcəyinin müəyyənləşdirilməsi baxımından. Mənim fikrimcə, Bəşər getməlidir, amma üsyançılar da gəlməməlidir. Çünki təcrübə göstərir ki, üsyanla gələnlər də ölkələrə xoşbəxtlik gətirmir. Ən yaxşı variant bu ola bilər ki, ABŞ və Rusiyanın razılığı ilə normal seçki keçirilməli və yeni hökumət qurulmalıdır. Düzdür bu çətin görünür. Amma bunun əksinə də heç nə gətirməyəcək. Ən azından Misir, Liviyada bu göründü. Hər halda qiyamçıların silahlandırılması dayandırılmalıdır ki, ortadakı yerli müharibə başa çatsın. Bundan sonra Bəşərin getməsi məsələsinə baxılmalıdır”.

Suriyadakı dava, ölkələrin məqam davasıdır...



APA-nın siyasət müxbiri Ramil Məmmədlinin fikrincə, Suriyada narazılıqlar başlanan ilk gündən dünya mediasında yer alan xəbərlərin təzadlı olması məsələnin kökündə heç də xalq etirazının durmadığına işarə idi:

“Narazılıq qanlı toqquşma mərhələsinə keçdikdən sonra isə Bəşər Əsədi və ona qarşı olan qruplaşmaların fəaliyyətini analiz etməklə, əslində vəziyyətin necə olması qənaətinə gəlmək mümkün oldu. Birmənalı demək olar ki, Suriyadakı sülhün və sabitliyin bərqərar olması Əsəd ailəsinin adı ilə bağlıdır. Əlbəttə, bununla Bəşər Əsədin ölkədə etdiyi ədalətsizliklərə haqq qazandırmaq istəmirəm. Lakin son hadisələr bir daha sübut etdi ki, Bəşər Əsəd hakimiyyətinə qarşı etirazlara heç də xalq üsyanı adı vermək olmaz. Çünki bu daha çox qonşu və burada marağı olan ölkələrin məqam davasıdır. Yəni hər ölkə öz maraqlarından çıxış edir. İstər Bəşər Əsədi dəstəkləyən, İran, Rusiya, Çin və sairə, istərsə də qiyamçıları dəstəkləyən qərb, Türkiyə, Səudiyyə Ərəbistanı...Bütün hallarda mən Suriyada əvvəlki sabitliyin tərəfdarıyam. Amma baş verənlər - Səudiyyə Ərəbistanından ilhamlanan, qərbdən maliyyələşən və siyasi dəstək alan dini qruplaşmaların Suriyaya dünyanın ictimaiyyətinin istədiyi sülh və sabitliyi gətirəcəyinə inanmıram. Bu onların sadə insanlarla rəftarından da bəlli olur. Həmin dini qruplaşmaların üzvlərinin video görüntülərdə yayımlanan əməlləri - qətliamlar bizə bu qənaətə gəlməyə əsas verir. Qərb Suriyada sülh və sabitlik istəyirdisə, bunun üçün başqa yollar aramaq olardı. Məzhəb ayrıseçkiliyi çıxış yolu deyildi”.

“Əsəd, bir dövlət başçısı kimi savaşır...



Modern.az saytının siyasət yazarı Aqşin Kərimov hesab edir ki, Suriyadakı proseslər Qərb dairələrinin siyasi maraqlarının diktəsi olaraq süni şəkildə vətəndaş qarşıdurması müstəvisinə sürükləndi:

“Təsadüfi deyil ki, ABŞ-ın dəstəyi ilə başlanan və "Ərəb Baharı" adı verilən görüntü xarakterli "inqilabların" digər ərəb ölkələrinə də sıçraması gözlənilən idi. Mən təriqət ayrı seçkiliyi hisslərinə qapılıb vəhhabi və radikal şiələrdən fərqli olaraq üsyançıları və ya Əsədi müdafiə etmirəm. Ancaq bir həqiqət var ki, dövlətçilik prinsipi baxımından onu deməyi məqsədəuyğun hesab edirəm. Bəşər Əsəd bir dövlət başçısı kimi xarici işğalçılara qarşı savaşır. Düzdür, Əsədə qarşı Suriya vətəndaşlarının bəziləri səmimi hisslərlə öz etirazını bildirirlər, ancaq məncə bir neçə dövlətin maliyyə və silah yardımları ilə Əsədə qarşı döyüşən üsyançılara inam hissi də həmin sadə əhalidə mövcuddur. Bu mənada onlar da, belə demək olarsa, Suriyanı ələ keçirmək istəyən qüvvələrin yanında yer alır və Əsəd qoşunlarının gülləsinə tuş gəlir. Amma konkret olaraq Suriyadakı vətəndaş qarşıdurması hər iki tərəf üçün ziyanlıdır. Ölənlər arasında sadə insanlar, vətəndaşlar olması isə proseslərin nəzarətdən çıxmasını gücləndirir. Yeri gəlmişkən Azərbaycandan da Suriyaya Əsədə qarşı döyüşməyə gedənlər var. Bu da bizim üçün olduqca acınacaqlıdır”.

“Əsəd hakimiyyətdən ona görə getmir ki,...



Qaynar.info saytının siyasət müxbiri Anar Əhmədov, Bəşər Əsədin diktator olduğunu deyir:

“Əsəd uzun illərdir Əl Muhaberat qorxusu altında ölkəni idarə edir. Əvvəllər, Əsədə qarşı baş vermiş çıxışlara haqq qazandırmaq olardı. Amma, indi ona qarşı vuruşan özlərini müxalifət adlandıran qüvvələr müxtəlif ölkələrin kəşfiyyat orqanlarının təsiri altına düşüblər. Əsədin hakimiyyətdən getməməsinə səbəb də məhz bu amildir. Çünki Əsəd ona qarşı Suriya xalqının deyil, ABŞ, İngiltərə, Fransa, Türkiyə kəşfiyyat orqanlarının vuruşduğunu yaxşı bilir”.

“Həyatını itirmiş körpələri qaytarmaq mümkün olmayacaq...



Virtualaz.org saytının əməkdaşı İlkin Muradov istənilən insan tələfatının əleyhinəyəm deyir:

“Hazırda Suriyada vətəndaş müharibəsi gedir. Belə bir vəziyyətdə tərəf tutmaq doğru deyil. Kimin haqlı olmasından asılı olmayaraq, ortada günahsız insanlar tələf olur. Belə bir hadisənin müsəlman ölkəsində yaşanması məni daha da təssüfləndirir. Sabah hansısa bir razılıq əldə edilsə, günahsız yerə həyatını itirmiş körpələri, gəncləri, yaşlıları həyata qaytarmaq mümkün olmayacaq. Ona görə də, bu məsələdə güc tətbiqi yolverilməzdir. Nə islam, nə bəşəri dəyərlər buna tərəf deyil. Ümid edirəm ki, hansı tərəfin haqlı olmasından, qalib gəlməsindən, istədiyini əldə etməsindən asılı olmayaraq bu savaş tezliklə bitəcək”.


Mirvari Nəzərova

Teqlər: