Feyk xəbərlərə qarşı ciddi mübarizəyə başladı

Feyk xəbərlərə qarşı ciddi mübarizəyə başladı
  27 Aprel 2018    Oxunub:1267
Son bir ildə müxtəlif ölkələrdə seçkilərə təsir göstərmək cəhdləri və bu işdə sosial medianın rolu barədə (ilk növbədə “Facebook” və “Cambridge Analytica” ətrafında qalmaqal nəzərdə tutulur) yayılan məlumatlar Avropa Komissiyasını (AK) feyk xəbərlərinə qarşı daha ciddi mübarizə aparmağa sövq edib.
AK bu məqsədlə aprelin 27-də Brüsseldə “Onlayn-dezinformasiyanın qarşısının alınması: Avropa yanaşması” adlı planını təqdim edib. AK etiraf edir ki, dezinformasiya çoxdankı problemdir. Ancaq internet təkcə əlçatan xəbərlərin həcmini və çeşidini genişləndirməyib, həm də feyk xəbərlərinin “görünməmiş miqyasda, sürətlə və sərrast hədəf seçməklə yayılmasına” imkan verib.

Məlumatlı mənbələrə görə, Avropa Komissiyasının sənədi hazırlanan zaman bu və ya digər ölkənin adını çəkmək və ya çəkməmək barədə mübahisələr gedib. Nəticədə ortaq məxrəc əldə olunub.

Sənəddə deyilir ki, cəmiyyətdə inamsızlıq toxumu səpmək və gərginlik yaratmaq üçün kütləvi onlayn-dezinformasiya kampaniyalarından geniş istifadə olunur. Bundan əlavə, üçüncü ölkələr tərəfindən dezinformasiya kampaniyaları daxili təhlükəsizlik üçün, o cümlədən seçki prosesləri üçün, xüsusən də kiber-hücumlarla birlikdə hibrid təhdidlərin tərkib hissəsi ola bilər. Sonra yalnız bir ölkənin adı çəkilir, hərçənd həmin ölkə belə hərəkətlərdə birbaşa ittiham olunmur. Məsələn, Rusiyanın hərbi doktrinası açıq şəkildə etiraf edir ki, informasiya müharibəsi onun fəaliyyət sahələrindən biridir.

AK-nın məlumatına görə, son illərdə Şəbəkədə dünyanın ən azı 18 ölkəsində seçkilər zamanı dezinformasiya və manipulyasiya cəhdləri qeydə alınıb. 2019-cu ildə Avropa Parlamentinə keçiriləcək seçkilər Brüsseli hər şeydən çox narahat edir. AK öz planında Aİ-nin üzvü olan dövlətlərin müvafiq orqanlarını seçkilər zamanı dezinformasiyanın və kiber-hücumların yaratdığı risklərin üzə çıxarılması və idarə olunması sahəsində ən yaxşı təcrübələrdən faydalanmağa çağırıb.

Rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə Avropa komissarı Mariya Qabrielin sözlərinə görə, Aİ sənədlərində ilk dəfə dezinformasiyanın tərifi verilib. Dezinformasiya dedikdə “yalan olması sübut edilə bilən, yaxud çaşdırıcı olan, iqtisadi səmərə əldə etmə, yaxud ictimaiyyəti qəsdən aldatma məqsədi ilə yaradılan, təqdim edilən və yayılan, ictimai ziyan vura biləcək informasiya” başa düşülür. İndiki halda ziyan həm demokratik siyasi proseslərə və qərar qəbuletmə proseslərinə, həm də səhiyyəyə və ya ətraf mühitin mühafizəsi sahələrinə təhlükə ola bilər.

Özü də məlumatda xəta, satira və parodiya dezinformasiya deyildir. Jurnalistika da eynən bu şəkildə, çünki yazıda müəllifin siyasi mövqeyi aydın görünür. Təhlükəsizlik məsələləri üzrə Avropa komissarı Culian Kinq deyib: “Yalnız buna görə ki, siz nə iləsə razı deyilsiniz, yaxud nəyinsə arxasında dayanan dünyagörüşü ilə razı deyilsiniz, bu onun mütləq feyk xəbəri olduğunu göstərmir”. (AzərTAc)

AzVision.az


Teqlər: AK   Xəbər  





Xəbər lenti