BBC-nin rus xidmətindən Azərbaycan seçkiləri barədə təhlil

BBC-nin rus xidmətindən Azərbaycan seçkiləri barədə təhlil
  09 Oktyabr 2013    Oxunub:969
BBC-nin rus xidmətindən Azərbaycan seçkiləri barədə maraqlı təhlil: “Prezident Əliyev Putin üçün kifayət qədər rahat partnyordur...Moskva dəli deyil ki, Əliyevlə konfliktə getsin”.
AzVsison.az xəbər verir ki, Azərbaycanda sabah keçiriləcək prezident seçkiləri dünyanın əsas güc mərkəzlərində diqqətlə izlənilir.
Ona görə yox ki, bu seçkilərin nəticələrinin necə olacağına dair intriqlar mövcuddur. Ona görə ki, nəticələri çoxdan bəlli olan bu seçkilərdə üçüncü dəfə prezidentliyi təmin edəcəyi şübhə doğurmayan prezident İlham Əliyevin Azərbaycanda maraqları toqquşan dünya nəhənglərini - həm Rusiyanı, həm ABŞ-ı, həm də Avropanı qane edən yeganə siyasi lider olduğu bir daha təsbit olunur.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın nüfuzlu KİV-ləri seçkiləri Qərbin maraqları kontekstində təhlil edərək İlham Əliyevin etibarlı tərəfdaş və stabilliyin qarantı olduğunu vurğulamışdılar.
İndi isə BBC-nin rus xidməti də sabahkı seçkiləri Rusiyanın maraqları prizmasından təhlil edib və ekspertlərin maraqlı şərhlərinə yer verib.
“Odlar yurdunda səsvermənin nəticələrinin əvvəlcədən bəlli olma səviyyəsi Rusiyadan da yüksəkdir: indiki dövlət başçısı, 52 yaşlı İlham Əliyev üçüncü beşillik müddətə seçiləcək. Bir halda ki rəhbərlik əvvəlki olacaq, o zaman Rusiya ilə də münasibətlərdə prinsipial olaraq heç nə dəyişməyəcək. Bakının xarici siyasəti müstəqil və çoxvektorlu olaraq qalacaq” - deyə BBC-nin rus xidməti bildirir.

Müasir Dünyada Din və Siyasəti Araşdırma Mərkəzinin rəhbəri Maksim Şevçenko radiostansiyaya şərhində deyir ki, Azərbaycanın xarici siyasətində heç bir ciddi dəyişiklik olmayacaq: “Rusiya-Azərbaycan münasibətləri indiki səviyyədə qalacaq”.

Bununla belə qeyd olunur ki, seçkiqabağı dövrdə Rusiya ilə bağlı hansısa intriqa hər halda meydana çıxmışdı.

Azərbaycanlı politoloq Rəşid Şirinov BBC-yə açıqlamasında deyir ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər ittifaqı” kimi tanınır-red.) yaranmasından və Rusiya elitası ilə sıx bağlı olan kinorejissor Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsindən sonra Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi planının olduğu haqda fikirlər meydana çıxıb. Lakin prezident Vladimir Putinin Bakıya avqust səfəri bu spekulyasiyalara son qoydu.

BBC qeyd edir ki, ekspertlərin qənaətinə görə, Putin İbrahimbəyovun qalib gəlmək şansının onsuz da olmadığına əmin idi və situasiyanı ayıq təhlil edərək İlham Əliyevlə münasibətlərini korlamamağa qərar verdi.
“Əliyev Putin üçün kifayət qədər rahat partnyordur: konstruktivdir, proqnozlaşdırılandır, Moskvada oxuyub, orada onun qızı yaşayır, şəxsi və ideoloji baxımdan iradları yoxdur. Moskva dəli deyildi ki, boş yerə konflikt yaratsın və Əliyevlə münasibətlərini korlasın” - deyə Maksim Şevçenko bildirir.

Ümumiyyətlə rusiyalı müşahidəçilərə görə, Rusiyanın və şəxsən Putinin Azərbaycana böyük təsir imkanları barədə deyilənlər şişirdilib. “Rusiyanın böyük təsiri barədə mövqe azərbaycan xalqı üçün təhqirdir və reallıqdan uzaqdır. Ümumiyyətlə, Rusiyanın yeni tarixində elə hal olmayıb ki, postsovet ölkələrində Kreml kimisə barmağıyla göstərsin və onu seçsinlər” - deyə Şevçenko bildirir.

Onun sözlərinə görə, şübhəsiz ki, Rusiyanın Azərbaycana müəyyən təsir imkanları var, ancaq normal münasibətləri saxlamağa da çox maraqlıdır.


Teqlər:  





Xəbər lenti