“İsrail düz deyir, İranın gizli nüvə proqramı var” – Mayk Pompeo

“İsrail düz deyir, İranın gizli nüvə proqramı var” – Mayk Pompeo
  01 May 2018    Oxunub:2054
“İranın nüvə silahı əldə etmək üçün gizli proqramının olması haqqında İsrailin təqdim etdiyi sənədlər həqiqətə uyğundur”. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
- Mən şəxsən İran dosyesilə tanış oldum. Bizim əməkdaşlarımız on minlərlə səhifəlik materialı fars dilindən tərcümə edib və araşdırıblar. Bu analitik iş hələ bir neçə ay vaxt aparacaq. Biz tanış olduğumuz sənədləri etibarlı hesab edirik,- Pompeo deyib.

Onun sözlərinə görə, sənədlər göstərirlər ki, Tehran bir neçə il ərzində nüvə silahı və onu hədəfə çatdıra biləcək raketlərin yaradılması üzərində işləyib. “İran nəhəng nüvə arxivini dünyadan və MAQATE-dən gizlədib”,- deyə dövlət katibi əlavə edib.

ABŞ prezidenti Donald Trampın İrana “səhvini düzəltmək” üçün verdiyi vaxta – mayın 12-nə qədər Mayk Pompeo bu sənədləri avropalı həmkarları ilə müzakirə etmək niyyətindədir.

Yada salaq ki, bir qədər əvvəl Ağ Ev də İsrailin açıqladığı “İran dosyesi” ilə bağlı eyni məzmunlu bəyanat səsləndirmişdi. “İsrailin təqdim etdiyi sənədlər ABŞ-ın çoxdan bildiyi faktlarla üst-üstə düşür. Tehran bütün dünyadan gizlətməyə çalışdığı, amma bacarmadığı məxfi nüvə proqramına malikdir”,- deyə Ağ Evin bəyanatında deyilirdi.

İsrailin baş naziri Binyamin Netanyahunun açıqladığı və “Tehranın cənubundakı anbarda tapıldığı” deyilən 100.000 səhifəlik dosyedən məlum olur ki, İranın kod adı “Amad layihəsi” olan gizli nüvə proqramı mövcuddur. İranın xarici işlər nazirinin müavini Abbas Arakçı isə Netanyahunun təqdim etdiyi materialları “Gülünüc uşaq oyunu” adlandırıb.

Xatırladaq ki, 2015-ci ildə Tehran ilə “altılıq” adlanan ölkələr (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) arasında İranın nüvə proqramı ilə bağlı razılaşma və fəaliyyət planı əldə olunmuşdu. Onun nəticəsində ABŞ, AB və BMT-nin İrana tətbiq etdiyi sanksiyalar ləğv edilmişdi. O vaxt Netahyahu bu razılaşmanı “tarixi səhv” adlandırmışdı. Hazırda İsrailin baş naziri ABŞ prezidenti Donald Trampın İrana qarşı sərt siyasəti bərpa etməsini alqışlayır.

Tariyel Həsənov
AzVision.az



Teqlər: ABŞ   İran   İsrail   Nüvə-proqramı   Pompeo  



Xəbər lenti